Milli Məclisin bugünkü iclası cari məslələrin müzakirəsi ilə başlayıb. Modern.az xəbər verir ki, deputat Vahid Əhmədov Gürcüstada yaşayan azərbaycanlılarla bağlı çıxış edib. O bildirib ki, yaxın vaxtlarda Gürcüstanda olub və bu ölkədə yaşayan soydaşlarımızın xeyli problemlərlə üzləşdiyini qeyd edib. Millət vəkili bu problemləri Milli Məclisin diqqətinə çatdırıb. Deyib ki, viza məsələləri ilə bağlı Gürcüstan azərbaycanlıları Azərbaycanda müəyyən olunmuş müddətdən artıq qalırlarsa, onlara cərimə tətbiq edilir.
“Qırmızı Körpüdə sərhəd keçid məntəqəsində Gürcüstandakı soydaşlarımız incidilir, hətta ona burada yaşayan övladına 5-10 kq alma keçirməyə imkan verilmir. Mən xahiş edirəm ki, hökümət bu məsələyə baxsın. Ortada siyasi məsələlərin olduğunu biz başa düşürük, amma hər halda soydaşlarımızın taleyin ümidinə buraxmamalıyıq, onlara kömək etməliyik. Onların ciddi problemləri var”-deyə, V.Əhmədov bildirib..
Milli Məclisin spikeri Vahid Əhmədovun dediyi kimi, 5 kq almanın keçirilməsi məsələsinə münasibət bildirib. O qeyd edib ki, heç kim 5 kq almanın gətirilməsinə qarşı çıxmaz.
Daha sonra çıxış edən Əli Əhmədov qeyd edib ki, Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi böyük hadisədir və Azərbaycanın dünyaya tanıdılmasında böyük kömək olacaq.
Ə.Əhmədov İctimai Palatının ötən gün keçirdiyi icazəsiz aksiyasına da münasibət bildirib. O qeyd edib ki, dünən dünyada BMT İnsan hüquqları bəyannaməsinin qəbulu günü idi. Belə bir gündə belə mitinqlərin keçirilməsi doğru hal deyil və hamı bunu qətiyyətlə pisləyib. “Biz də pisləyirik” deyə o, bildirib.
Oqtay Əsədov deyib ki, Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi böyük hadisədir, bu, Azərbaycan prezidentinin düzgün siyasət apardığını, Azərbaycanın dünya miqyasına çıxarılmasında böyük işlər gördüyünü bir daha təsdiqləyir.
Millət vəkili Əli Məsimli çıxış edərək Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçrilməsini təqdir edib və Vahid Əhmədovu da Gürcüstandakı azərbaycanlılarla qaldırdığı məsələyə görə müdafiə edib. Sonra Qəbələ RLS-in məsələsinə toxunan deputat qeyd edib ki, Rusiyanın həmin qurğudan imtinasə Azərbaycanın böyük qələbəsidir: “Bunun əks effekti də ola bilər, amma biz buna hazır olmalıyıq”.
Deputatın sözlərinə görə, bəzi KİV-lər bu hadisənin ətrafında ajiotaj yaratmağa çalışırlar:
“Azərbaycan-Rusiya münasibətlərinin pozulacağını deyirlər, bu doğru deyil. Bu Azərbaycan- Rusiya münasibətlərinin pozulmasına heç cür gətirib çıxardan məsələ deyil. Sadəcə bu cür yazılar üçüncü tərəfə kömək göstərir. Bunun qarşısını almaq lazımdır”.
Ə.Məsimli bildirib ki, 2012-ci ilin başa çatması ilə bağlı bəzi şirkətlər endirimlər edirlər və bu istiqamədə təbliğat aparırlar.
“Bəzi şirkətlər var ki, 50 manata alınan hər hansı məhsulu 150 manata satır, belə şeyin qarşısını almaq lazımdır”.
Modern.az