Bu gün Milli Məclisin Hüquq siyasəti və Dövlət quruculuğu, İnsan Hüquqları komitələrinin birgə iclasında “Media haqqında” Qanun layihəsinin ictimai müzakirəsi keçirilib. İctimai müzakirələrdə media nümayəndələri də iştirak edib.
Bu barədə Modern.az-a danışan “Modern Media Group”un baş direktoru, Əməkdar jurnalist Elşad Eyvazlı bildirib ki, iki komitənin birgə iclasına dəvət olunmaq, açıq fikirləri səsləndirmək və qarşı tərəfin bunu birmənalı şəkildə qəbul etməsi irəliyə doğru addımdır:
“Bu qanun layihəsi özlüyündə ictimai münasibətləri tənzimləyəcək ən vacib sənəddir və medianın inkişafına güclü təkan verməlidir. Mediamızın güclü olmasını dövlət maraqları diqtə edir. Çünki 44 günlük Zəfər günlərində şahidi olduq ki, gur-gur guruldayan media qurumlarımızın səsi Biləcəridən o tərəfə gedə bilmir. Hətta erməni təbliğat maşını müharibənin ilk 10 günlüyündə dünyanın bir çox yerində az qala belə fikir formalaşdırmışdı ki, Azərbaycan Ermənistanın ərazisini işğal edir. Ağdam, Kəlbəcər, digər bölgələrimiz hardan Ermənistan torpağı oldu ki... Azərbaycan Prezidenti təkbaşına informasiya savaşında düşməni darmadağın etdi. Təbii ki, burada Türkiyə mediasının da rolu danılmazıdır. Amma erməni təbliğat maşını dayanmayıb. Odur ki, yeni sənəddən Azərbaycan mediasını ayağa qaldırmaq baxımından gözləntilər böyükdür. Bunun formaları müxtəlif ola bilər. Bizə nəticə lazımdı”.
E.Eyvazlı hesab edir ki, sənəddə kifayət qədər dəyişdirilməsi vacib olan məqamlar da var:
“Düşünürəm ki, ictimai müzakirələrdə jurnalistləri dinləmək məhz həmin boşluqları doldurmaq üçün idi. Layihənin ruhundan hiss olunur ki, onun üzərində daha çox hüquqşünaslar çalışıb. Təbii ki, bizə dövlət maraqlarımıza xidmət edən, söz azadlığını qoruyan sənəd lazımdır. Dövlətimizə də bunu istəyir”.
Ölkədəki internet televiziyalarının lisenziyalaşdırılması məsələsinə gəlincə, jurnalist deyib ki, Türkiyədə İnternet televiziyaları lisenziyalaşdırılıb və bundan kimsənin şikayəti yoxdur.