Modern.az

Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi Azərbaycana nə vəd edir? - Rəsmi şərh

Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi Azərbaycana nə vəd edir? - Rəsmi şərh

Təhsil

11 Dekabr 2012, 13:40

Bu gün Milli Olimpiya Komitəsinin inzibati binasında 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa yay olimpiya oyunları ilə bağlı mətbuat konfransı keçirilib. Modern.az xəbər verir ki, mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib.
Nazir A. Rəhimov bildirib ki, Avropa Olimpiya Oyunlarının məhz Bakıda keçirilməsi ölkəmizin tarixində xüsusi bir yer tutacaq. Nazir mötəbər turnir ilə bağlı Bakının müxtəlif yerlərində yeni idman qurğularının quraşdırılacağını deyib: “Çimərlik voleybolu üçün qurğular müvəqqəti olaraq tikiləcək və Olimpiya Oyunlarından sonra həmin qurğular ya söküləcək, ya da icarəyə veriləcək. Olimpiya şəhərciyi məsələsi də öz həllini tapacaq. Bu idman tədbirində də çoxlu volantyor (könüllü) gənc cəlb olunacaq”.

A. Rəhimov bildirib ki, mümkün qədər az vəsaitin xərclənməsinə çalışacaqlar. Nazir bu Avropa oyunlarının ölkəmizə hardasa 100-130 milyon avro gətirəcəyinin gözləndiyini deyib.

“Yarışın bütün yayım hüquqları Azərbaycanın olacaq. Bunu hansı qiymətə satsa, bu pul bizim büdcəyə daxildir. Dəqiq rəqəmi söyləmək hələ ki tezdir. Ola bilsin ki, 40-50 milyon olacaq. Biletlərin satış hüququ da Azərbaycana veriləcək. Hər halda Londonla müqayisədə qiymətlər aşağı olacaq”.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə yarışın keçiriləcəyi günü hələ dəqiqləşmədiyini deyib. MOK-un vitse-prezidenti bu yarışların iyun ayının ortalarında keçirilməsinin planlaşdırıldığını bildirib.

Ç. Hüseynzadə Ermənistan Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarında iştirak etməsi məsələsinə də münasibət bildirib. Vitse-prezident bütün ölkələrin və o cümlədən ermənilərin təhlükəsizliyinə tam təminat verildiyini deyib: “Ermənilər Romada Avropa Olimpiya Komitəsi Baş Assambleyasının iclasında səsvermədən imtina etdilər və səsvermədə iştirak etmədilər. Bütün ölkələrin iştirakına tam zəmanət vermişik. Bununla bağlı Azərbaycan tərəfindən heç bir problem yoxdur”. Ç. Hüseynzadə bildirib ki, Avropa Olimpiya Oyunlarının yüksək səviyyədə təşkil edilməsi üçün Azərbaycanda bütün məsələlər Avropa qanunvericiliyinə uyğunlaşdırılmalı, yeni təhlükəsizlik sistemi qurulmalı, nəqliyyat sistemi yeniləşdirilməlidir. “Bakıda bir sıra idman növlərindən idmançılar iştirak edəcək. Azərbaycanda bəzi idman növləri yoxdur və biz çalışacağıq ki, 2 il yarım müddətində bu idman növlərini Azərbaycanda yaradaq və inkişaf etdirək. Belə oyunlarda ev sahibliyi edən ölkə bütün idman növlərində çıxış edəcək”.

Qeyd edək ki, dekabrın 8-i Avropa Olimpiya Komitəsi 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edib. Yarışın Azərbaycanda keçirilməsi qərarının lehinə 38, əleyhinə 8 səs verilib, 2 nəfər bitərəf qalıb.

Olimpiya oyunlarında 15 idman növü üzrə qaliblər müəyyənləşəcək. Bunun 12-si olimpiya idman növüdür.

Anar Kəlbiyev

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış