“Media haqqında” Qanun layihəsində reyestrə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçiriləcək. Bununla da, Agentlik tərəfindən verilən jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə biləcək. Media subyektləri isə onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam müstəqildirlər.
Bu qanun sosial şəbəkələrdə dezinformasiya yayan şəxslərin qarşısını almaq üçün aktiv sosial media istifadəçiləri və “blogger”lərə şamil olunmayacaq.
“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Modern.az-a açıqlamasında bildirib ki, vahid jurnalist vəsiqəsinin tətbiq olunmasının qatı tərəfdarıdır:
“2006-cı ildən etibarən, mütəmadi olaraq bu məsələni gündəmə gətirməyə çalışırıq. Çox şadam ki, “Media haqqında” Qanun layihəsinin üzərində çalışan işçi qrup ayrı-ayrı media təmsilçiləri tərəfindən uzun illərdən bəri səsləndirilən və medianın inkişafına xidmət edən faydalı təşəbbüsləri, həmçinin ictimai rəyi nəzərə alıb. Həm media subyektlərinin, həm də jurnalistlərin media reyestrində qeydiyyatdan keçməsi, əslində bu sahədə mövcud olan və uzun illərdən bəri həm peşəkar media nümayəndələrini, həm də ictimaiyyəti narahat edən bir sıra neqativ halların aradan qaldırılmasına zəmin yaradacaq”.
E.Mirzəbəyli bildirib ki, peşəkar media ilə media adından sui-istifadə edərək, cinayət əməlləri törədən, həmçinin öz cinayət əməllərini söz və fikir azadlığı kimi fundamental dəyərlərin arxasında gizlətməyə çalışan fürsətçillərin yaratdığı təsisatların sərhədləri müəyyənləşəcək:
“Bu həm də peşəkar media qurumlarının, təmsilçilərinin üzərinə kölgə salınmasına imkan verməyəcək. Oxucu, dinləyici və tamaşaçı ilə media subyekti arasındakı etimadlı münasibətlərin yaranmasına kömək edəcək. Azərbaycan mediasının yayımladığı informasiyaya olan yüksək etimadın bərpa edilməsi isə həm ölkənin, həm də vətəndaşın informasiya təhlükəsizliyi üçün vacib şərtlərdən biridir. Digər tərəfdən, qanun layihəsində həm media reyestrində qeydiyyatdan keçən media subyektləri, həm də vahid jurnalist vəsiqəsi alan jurnalistlər üçün bir sıra güzəştlərin tətbiqi nəzərdə tutulub ki, bu da onların peşə fəaliyyətinə, həm də sosial vəziyyətlərinin yaxşılaşdırılmasına imkan yaradacaq”.
Baş redaktor Qanun layihəsinin təməl fəlsəfəsi Azərbaycan mediasını və jurnalistləri ələbaxımlıqdan xilas etmək, peşəkarlıqlarını artırmaq, öz ayaqları üzərində dayanmalarına imkan yaratmaq və daha geniş areala çıxış imkanlarını təmin etmək olduğunu bildirib:
“Bununla yanaşı, unutmaq lazım deyil ki, sözügedən qanun layihəsi ölkədə həyata keçirilən islahatların tərkib hissəsidir və islahatlar paketinə kompleks yanaşdıqda ortalıqda Azərbaycan mediasının inkişafına təkan verəcək, onun zamanın inkişaf dinamikasına uyğunlaşdıracaq yol xəritəsinin olduğunu görmək mümkündür”.