Modern.az

Səfirlik azərbaycanlı deputatların Rumıniya səfəri barədə açıqlama yayıb

Səfirlik azərbaycanlı deputatların Rumıniya səfəri barədə açıqlama yayıb

Təhsil

11 Dekabr 2012, 15:15

Dekabrın 9-da Rumıniyada keçirilən parlament seçkilərini ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Azay Quliyev və millət vəkili Eldar İbrahimov müşahidə edib. Bu haqda Azərbaycanın Rumıniyadakı səfirliyi məlumat yayıb.

Milli Məclisin Azərbaycan–Rumıniya parlamentlərarası işçi qrupunun sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev və millət vəkili Eldar İbrahimov səfərin ilk günündə Buxarest şəhərindəki Tey Parkı – Heydər Əliyev xiyabanını ziyarət ediblər.

Daha sonra Azərbaycan nümayəndə heyəti seçkiləri izləyəcək ATƏT ölkələrinin parlament üzvləri üçün təşkil olunmuş seçki öncəsi brifinqdə iştirak ediblər. Brifinqdə Rumıniyanın aparıcı vətəndaş cəmiyyəti təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələri seçkilərin demokratik təşkili üçün yaradılmış mühit, qanunvericilik bazasını müzakirə ediblər. Rumıniyadakı əsas siyasi qüvvələrin nümayəndələri parlamentin növbəti 4 illik mandatı dövründə mənsub olduqları partiyaların məqsəd və vəzifələri haqda məlumat veriblər. Seçkilər günü, 9 dekabr tarixində, azərbaycanlı millət vəkilləri Buxarestin 1-ci sektor bələdiyyəsində seçki məntəqələrini gəzib, seçkilərin beynəlxalq standartlara və milli qanunvericiliyə uyğunluğunu yoxlayıb, məntəqələrdəki komissiya üzvləri ilə fikir mübadiləsi aparıb, seçici fəallığını və ümumilikdə prosesin gedişatını yaxından izləyiblər.

Növbəti gün, 10 dekabr tarixində Azərbaycanın millət vəkilləri seçki prosesinin yekunlarına həsr olunmuş ATƏT Parlament Assambleyasının nümayəndələrinin iclasında iştirak edib, öz müşahidələrini açıqlayıblar. Səfər zamanı millət vəkilləri Azərbaycanın Rumıniyadakı Səfirliyində olub, ikitərəfli əlaqələr, o cümlədən ölkəmizin Rumıniya milli qanunvericilik orqanı, həmçinin Avropa Parlamenti, ATƏT, Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığının cari vəziyyəti və gələcək istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıblar. Daha sonra baş qərargahı Buxarest şəhərində yerləşən Qara dəniz – Xəzər dənizi əməkdaşlığı və tərəfdaşlığı üzrə beynəlxalq fondda sözügedən qurumun ekspertləri ilə görüşən millət vəkilləri Azərbaycanda vətəndaş cəmiyyəti mühitinin inkişafında dövlət və QHT əməkdaşlığı haqda məlumatlandırmış, demokratik dəyərlərin daha çox mənimsənilməsində körpü rolunu oynayan fondun gələcək prioritetləri ilə bağlı öz tövsiyələrini verib, birgə layihələrin həyata keçirilməsi imkanlarını və perspektivlərini müzakirə ediblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış