“Bu çox vacib və mütərəqqi bir dəyişiklikdir, çünki təcrübədə bəzən vicdansız tədqiqatçı, müstəntiq, prokuror və hakim açılmamış bir çox cinayətləri ölmüş təqsirləndirilən (şübhəli) şəxsin üzərinə qoyaraq xətm etmək imkanına malik idilər, o da öldüyündən buna etiraz edə bilmirdi. İndi isə...”
Milli Məclisin bu gün keçirilkən iclasında digər məsələlərlə yanaşı “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə” də müzakirələr aparılıb. Müzakirələrə Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov da qatılıb. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, İ.İsmayılov qüvvədə olan Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında təklif olunan layihəni mahiyyət etibarilə çox mütərəqqi hesab etdiyini bildirib:
“Belə ki, qüvvədə olan Məcəllənin 106-cı maddəsində zərərçəkmiş şəxsin hüquqi varisi nəzərdə tutulub. İndi bu layihə ilə hüquqi varis hüququ həm də ölmüş təqsirləndirilən (şübhəli) şəxsə aid edilir. Bu da çox vacib və mütərəqqi bir dəyişiklikdir. Çünki təcrübədə bəzən vicdansız tədqiqatçı, müstəntiq, prokuror və ya hakim açılmamış bir çox cinayətləri ölmüş təqsirləndirilən (şübhəli) şəxsin üzərinə qoyaraq xətm etmək imkanına malik idilər. O da öldüyündən buna etiraz edə bilmirdi. Bu da bir tərəfdən əsl cinayətkarların layiq olduqları cəzaya məruz qalmamalarına, başqa sözlə, cəzanın labüdlüyü prinsipinin pozulmasına səbəb olur, nəticədə məsuliyyətə cəlb olunmayan cinayətkarlar azğınlaşaraq daha da ağır cinayətlər törədirdilər, digər tərəfdən isə təqsirsiz şəxsin ittiham olunmasına gətirib şıxarırdı. Əsl cinayətkarların qanunda nəzərdə tutulan cəzaya məruz qalmaları əslində bütün yaramazlara xəbərdarlıq, təqsirsiz şəxsin əsassız ittiham edilməsi isə təkcə tədqiqatçının, müstəntiqin, prokurorun və hakimin deyil, həm də cəmiyyətin vicdan məsələsidir. Düşünürəm ki, bu layihə qəbul olunduqdan sonra hüquqi varis, hüquqi varis olmadığı hallarda isə vəkil əsassız ittihamlara yol verməyəcək”.
Modern.az