Modern.az

“Borçalı” Cəmiyyətinin sədri Azərbaycan səfirliyini tənqid etdi

 “Borçalı” Cəmiyyətinin sədri Azərbaycan səfirliyini tənqid etdi

Təhsil

11 Dekabr 2012, 17:41

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Borçalı” Cəmiyyətinin son zamanlar gündəmdə olan Azərbaycana iş üçün Gürcüstandan gəlmiş soydaşlarımızın problemləri ilə bağlı tədbir keçirilib. Modern.az xəbər verir ki, mətbuat konfransında jurnalistlər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan adı çəkilən birliyin sədri Zəlimxan Məmmədli bir çox problemlərlə bağlı məsələlərə aydınlıq gətirib. O, Azərbaycanla Gürcüstan arasında yerləşən sərhəd-keçid məntəqələrində yaranmış problemlə bağlı çıxış edib. Son vaxtlar Azərbaycan Respublikasının “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun tələblərinin həyata keçirilməsi məsələsinə toxunan birlik sədri qeyd etdi ki, bu qanunların tələblərinin gücləndirilməsi Gürcüstan vətəndaşı olan soydaşlarımızın cərimələnməsinə səbəb olub.Bununla yanaşı, ciddi narazılıqlara da yol açıb.

“Azərbaycanda mövcud olan qanunlar soydaşlarımızın mənafeyinə uyğun deyil. Bu qanun 2009-cu ildə qəbul olunub, amma üç ildən sonra 2012-ci ilin axırında qüvvəyə minməsi başa düşülən deyil. Qanunlar adətən qəbul olunduğu gündən tətbiq olunur. Azərbaycan Gürcüstandan gələn soydaşlarımızın əksəriyyəti iş dalınca gəlir. Qüvvəyə minmiş bu qanunun soydaşlarımıza aid edilməsi düzgün deyil”.

Bu məsələdə Azərbaycan aidiyyati qurumlarını tənqid edən Z. Məmmədli dövləti öz millətinin nümayəndələrinə sayğılı olmağa çağırdı. Cərimələrə son qoyulmasını tələb etdi. “Qanunun tətbiqi zəruri idisə, bunu əvvəlcədən cəmiyyətə çatdırmalı idilər. Cərimələr kompaniyasına son qoyulmalıdır. Dövlət öz millətinə hörmətlə yanaşmalıdır. Biz demirik ki, bu qanun Gürcüstandan gələn soydaşlarımıza şamil olunmasın. Amma müəyyən yumşaldıcı müddəalar da olmalıdır. Çünki onlar öz soydaşlarımızdır. Azərbaycan bazarlarında iş axtarmaq üçün gəlirlər. Əmək bazarı onların üzünə açıq olmalıdır. Heç olmazsa onlara dəyən maddi ziyanın dövlət tərəfindən ödənilməsini istəyirik. Azərbaycan hakimiyyəti Gürcüstanda soydaşlarımız üçün iş yerlərinin yaradılması üçün investisiyalar yatırmalıdır. Eyni zamanda biz Gürcüstanda yerləşən Azərbaycan səfirliyinə və bu ölkənin rəhbərliyinə müraciətlər etmişik. Amma səfirliyimizin bu işdə heç bir addım atmamasını ciddi şəkildə tənqid edirəm. Diplomatik missiyasını yerinə yetirmir”.  

Aqşin Kərimov


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış