Modern.az

Azərbaycanda sponsorluqla bağlı ayrıca qanun hazırlanır

Azərbaycanda sponsorluqla bağlı ayrıca qanun hazırlanır

Parlament

12 Dekabr 2012, 10:06


“Xeyriyyəçiliklə, sponsorluqla bağlı mütləq qanun olmalıdır. Mən artıq həmin qanun layihəsini hazırlamağa başlamışam. Yaz sessiyasında müzakirəyə çıxardacağıq. Belə bir qanunun olması çox vacibdir”.
Bu fikirləri Modern.az-a açıqlamasında millət vəkili, Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, təkcə mədəniyyət sahəsi ilə bağlı yox, müxtəlif sosial, humanitar layihələr var ki, onlara xeyriyyəçilik və sponsorluq lazımdır: “Hazırda yalnız mədəniyyətlə bağlı deyil, təhsilə, gənclərin müəyyən ideyalarını həyata keçirmələri, aztəminatlı insanlarla bağlı müəyyən layihələr var ki, bunları həyata keçirmək lazımdır. Sponsurluqla, xeyriyyəçiliklə əlaqədar, qanunda müəyyən xeyriyyəçi təşkilatlara, sponsorlara vergi güzəştləri tətbiq etmək onların xeyirxah əməllərinin təbliğ etmək onlara müxtəlif mükafatlar təsis etmək, onları həvəsləndirmək olar. Cəmiyyətdə onları nümunə kimi göstərmək olar. Həm sponsorluq, həm də xeyriyyəçiliklə məşğul olan təşkilatlara dövlət tərəfindən müəyyən güzəştlər edilməsinə ciddi ehtiyac var”.

Deputat əlavə edib ki, belə bir qanunun yoxluğu, bu işlə bağlı istəyi olan insanların fəaliyyətini qaraldır: “Belə ki, öz gəlirlərinin müəyyən hissəsini sponsorluğa xərcləyəndə vergi orqanları, yaxud da başqa orqanlarla anlaşılmazlıq yaranır. Bütün bunlar qanunla tənzimlənməlidir Sosial siyasət komitəsində bununla bağlı müəyyən ideyalar var, təkliflər də yığırıq. Yaz sessiyasında komitədə müzakirəyə çıxaracağıq”. 

İqtisadçı Vüqar Bayramov da hazırkı dövrdə xeyriyyəçilik və sponsorluqla bağlı qanunu zəruri hesab edir: “Dünyanın əksər ölkələrində sponsorluq korporativ sosial məsuliyyətin  bir elementi kimi qəbul edilir və praktiki olaraq, korporativ sosial məsuliyyətlə bağlı layihələr həyata keçirən şirkətlər belə müxtəlif sosial layihələrin maliyyələşməsini həyata keçirirlər. Korporativ sosial məsuliyyətlə bağlı ən çox tanınmış modellərdən biri alman modelidir  bu gün alman modeli Avropa ölkələrində, Mərkəzi-Şərqi Avropa ölkələrində tətbiq edilir. Almaniyada korporativ sosial məsuliyyət və sponsorluqla bağlı ayrıca bir qanun var”.

İqtisadçı qeyd edib ki, Azərbaycanda sponsorluq haqqında qanunun yoxluğu korporativ sosial məsuliyyətin inkişafını əngəlləyir: “Azərbaycanda sponsorluq haqqında qanunun olmasına ehtiyac var. Belə bir qanunun yoxluğu birmənalı şəkildə sponsorluğun inkişafını əngəlləyir. Bütövlükdə, sponsorluğu təklif edən qanunvericilik aktında kifayət qədər az elementlər var.  Sponsorluğun stimullaşdırılmasına ehtiyac var. Hər bir şirkətin sponsorluq fəaliyyətinin stimullaşdırılması ilə bağlı qanunvericilikdə maddələr olmalıdır. Dünyanın əksər ölkələrində sponsorluq fəaliyyəti ilə məşğul olan şirkətlər qanunvericiliklə müəyyən vergi güzəştləri əldə edir. Bu, da onların işinə bir stimul verir. Eyni zamanda, sponsorluq məqsədi ilə vəsait xərclənən zaman həmin vəsaitləri şirkət öz xərclərinə daxil edə bilir. Xərclərin daxil edilməsi ilə mənfəətin azalması və daha az mənfəətin ödəməsinə gətirib çıxardar. Yəni praktiki olaraq, şirkətin daha az vergi ödəməsi müəyyən qədər stimul yaradır”.

V. Bayramovun sözlərinə görə, Azərbaycanda bu tip stimullar yoxdur: “Azərbaycanda sponsorluq fəaliyyətini həyata keçirən şirkətə hər hansı bir vergi güzəşti və hər hansı bir vergi azalmaları tətbiq edilmir. Azərbaycanda xeyriyyəçilik sponsorluq və korporativ sosial məsuliyyətin sərhədləri müəyyənləşməyib. Azərbaycanda korporativ sosial məsuliyyət inkişaf etməyib və bu səbəbdən sponsorluq və xeyriyyəçilik fəaliyyəti həyata keçirən şirkətlər adətən sponsorluq və xeyriyyəçiyə daha çox özlərini tanıtmaq fəaliyyəti kimi baxırlar. Şirkətlər üçün sosial məsuliyyətin qanunla müəyyənləşdirilməsi olduqca vacibdir. Sosial məsuliyyətin əməl edilməsinə görə, həmin şirkətlərə müəyyən  güzəştlərin verilməsinə olduqca ciddi ehtiyac var. Bu baxımdan birmənalı olaraq,qanunun qəbuluna ehtiyac var.

Nihadə Eyyubov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım