Vətəndaşların daha çox istifadə etdiyi Bakı metrosunun hər stansiyasında pandemiyadan irəli gələrək, əl gigiyenası, tibbi maska və sosial məsafə gözləmək kimi tələblərlə bağlı məlumat səsləndirilir. Günün pik saatlarında insanların nəfəs-nəfəsə qaldığı bir vaxtda sosial məsafə gözləmək tələbinə əməl edilməsi isə absurddur. Elə bu səbəbdəndir ki, sərnişinlərdən sosial məsafəni gözləmək tələbi çoxlarında gərginlik, qıcıq yaradır. Koronavirusla mübarizəni nəzərə alıb bəlli saatlarda metrostansiyalarda sosial məsafə qaydasına əməl etmək istəsək də, təəssüf ki, bu çox vaxt mümkün olmur.
“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, metrostansiyalarda koronavirusa qarşı tibbi məsləhətlərin səsləndirilməsinin əsas məqsədi insanlara diqqətli olmağı xatırlatmaqdır:
“Biz də bilirik ki, o sıxlıqda 2-3 metr məsafəni qorumaq mümkün deyil. Amma insanlar əvvəlki dövrlərdəki vərdişlərinə uyğun olaraq, bu qaydaları bəzən unudurlar. Bu cür səsləndirmələr insanlarda qıcıq yaratmamalıdır. Həmişə deyirik ki, normal həyata qayıtmağın həsrətində yaşayan insanlarıq. Sentyabrın 29-da ali və orta ixtisas təhsil müəssələrində tədrisin başlanılması ilə sıxlıq yarandı. Bunu əvvəlki normal həyat rejiminə qayıtmağın əlaməti də hesab etmək olar”.
B.Məmmədov insanları koronavirusdan qorumaq və yoluxma ehtimalını nəzərə alaraq, bu tədbirləri qüvvədə saxlayacaqlarını qeyd edib.
Onun sözlərinə görə, gücləndirilmiş qaydada həmin proseslərə nəzarət mexanizimləri var:
“Bunun xüsusi araşdırmasını aparırıq və sərnişinlərə müraciət edəndə bütün bunların hər birinin hər birimiz naminə atılan addım olduğunu bildiririk. Burada qeyri-adi bir şey axtarmasınlar. Biz bu xəbərdarlığı stansiyaya giriş, eskalatora və platformaların orta zalına doğru hərəkət zamanı edirik. Bu çağırışlar olmasa, insanlar stansiyaya daxil olanda sosial məsafəni gözləmək qaydasına tam əməl etməzlər”.
B.Məmmədov bildirib ki, metrostansiyalarda günün müxtəlif saatlarında olan bu çağırışların təsirləri öyrənilir.