Modern.az

Deputatlar Facebook dostlarını gerçək dostlara çevirmək istəyirmi? - CAVABLAR

Deputatlar Facebook dostlarını gerçək dostlara çevirmək istəyirmi? - CAVABLAR

Parlament

12 Dekabr 2012, 12:17

Bu gün həyatımızın ayrılmaz hissəsi olan sosial şəbəkələrdə tanınmış ictimai-siyasi xadimlər, o cümlədən millət vəkilləri də qeydiyyatdan keçiblər. Onların dostları siyahısında tanıdıqları kimi,  tanımadıqlar insanlar da var. Bu yaxınlarda millət vəkillərindən biri Fuad Muradov Facebook dostları ilə bir araya gələrək onlarla görüşüb. Bəs sosial şəbəkələrdə olan digər deputatlar necə, onlar da virtual dostlarını real dostlara çevirmək, onlarla hansısa müzakirələr aparmaq istərdilər?

Modern.az bir sıra millət vəkillərindən məsələyə münasibət öyrənib.  

Deputat Sahib Alıyevin fikrincə, Facebook-dakı dostlarla hər hansı bir fikri bölüşmək üçün Facebook-un özü elə ən uyğun yerdir.
“Və əgər söhbət məndən gedirsə, mənim Facebook-dakı dostlarımın arasında həyatda tanıdıqlarım da az deyil. Eyni zamanda onların içindən arada-sırada görüşdüklərim də olur”.

Bir ay sosial şəbəkədə olan deputat Aydın Mirzəzadə isə dostlarını ancaq əqidəyə görə seçdiyini qeyd edib.
“Hesab edirəm ki, virtual dostlar bir siyasi əqidədə, bir anlamda olmalıdırlar. Onların bir çoxunu şəxsən tanıyıram. Digərləri isə mənə müraciət etdilər, mən də dostluqlarını qəbul etdim. Şəxsi dostluğa gəlincə isə bunu həyat və zaman göstərəcək, onun heç birini proqnozlaşdırmaq olmur”.

Facebook sosial şəbəkəsində səhifəsi olan millət vəkili Asim Mollazadə isə virtual dostlarla görüşməyin zaman baxımından çətin olduğunu deyib, eyni zamanda qeyd edib ki, prinsipcə bu, mümkün də ola bilər.

Deputat Əli Məsimli qeyd edir ki, sosial şəbəkədə olmağı ona çox böyük kömək edib. “Hər hansı məsələyə sosial şəbəkədə münasibət bildirməyimdən bir saniyə sonra bir neçə mətbuat orqanında fikrim öz əksini tapır. Buna görə sosial şəbəkədə olan dostlarıma və bu operativliyi təmin edən media nümayəndələrinə təşəkkürümü bildirirəm. Təbii ki, virtual dostlarımın bir hissəsi real dostlarımdır. Milli Azadlıq Hərəkatından, tələbəlik illərindən olan, ailəvi dostluq etdiklərim dostlar və media nümayəndələridir. Yeni dostlar da hansı ki, maraq göstəriblər, onları da məmnuniyyətlə qəbul etmişə. Zamanı çatanda daha yaradıcı variantlardan istifadə edəcəyik. Bu tanımadığım dostlarla da tədbirlərin keçirilməsi həmin plana daxil ola bilər”.

Millət vəkili Mübariz Qurbanlı Facebook-dakı dostları ilə yazışdığını və onlarla müxtəlif məsələləri müzakirə etdiyini bildirib. O, virtual dostlarla real həyatda görüşməyi yaxşı təşəbbüs adlandırıb.
“Bu təşəbbüs başqa ölkələrdə də olub. Azərbaycanda da indi tətbiq edilir və bunu təqdir edirəm. Sosial şəbəkələrdəki dostlarla görüş keçirilməsi, müxtəlif tədbirlərə birlikdə qatılmaq və s. bu kimi ənənələr Facebook-da var. Bütün Facebook dostlarını bir araya yığmaq çox çətindir, amma gələcəkdə zaman, şərait olsa, müəyyən mövzuya maraq göstərən bir qrup ilə müzakirələr aparmaq üçün bir araya gələ bilərəm və buna təşəbbüs edərəm”. 

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım