Modern.az

Jurnalistlər deputatı belə xarakterizə etdilər: “Parlament müxbiri olsaq da, Azər Badamov adlı deputatı tanımırıq"

Jurnalistlər deputatı belə xarakterizə etdilər: “Parlament müxbiri olsaq da, Azər Badamov adlı deputatı tanımırıq"

Parlament

12 Dekabr 2012, 13:39

Media nümayəndələri 51 saylı Qusar seçki dairəsinin deputatı barədə niyə belə danışdılar?

Milli Məclisin plenar iclaslarında deputatlar müəyyən fikirlərlə çıxış edir, təkliflər irəli sürür, fikirlərini səsləndirirlər. Parlamentdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? 

Modern.az parlament jurnalistlərilə sorğulara davam edir. Bu dəfə həmkarlarımızdan 51 saylı Qusar seçki dairəsinin deputatı Azər Badamovu millət vəkili kimi necə xarakterizə etdiklərini soruşduq.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı Azər Badamovun seçicilərlə iş prosesində necə olduğunu bilmədiyini qeyd edib. “Amma iki ildir onu parlamentdə görürəm. İntizamlı insana oxşayır, bütün iclaslara vaxtında gəlir. Çıxışlarını isə çox az eşitmişəm. Parlamentdə səhv etmirəmsə, 2-3 dəfə çıxış edib. Düzdür, kağıza yazıb sonra üzdən oxuyur, amma bu da yaxşıdır. Biri var illərlə danışmayasan, telefonla oynayasan, iclas vaxtı çayxanada olasan. Biri də var ki, əziyyət çəkib yazasan və gəlib oxuyasan. Azər Badamovu yaxşı tanımıram. Amma parlamentdə büdcə müzakirəsində, hökumətin hesabatında və daha hansısa vacib məsələnin müzakirəsi zamanı çıxış etdiyini görmüşəm”.

“Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanov onu tanımır, hansısa bir təklif irəli sürdüyünü görməyib.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı millət vəkilinin fəaliyyətini müsbət qiymətləndirdiyini vurğulayıb. “Parlamentdə sosial-iqtisadi məsələlərin müzakirəsi zamanı, eyni zamanda regionların inkişafı ilə bağlı çıxışları olub. Həm də istər hökumətin hesabatı, istərsə də büdcə müzakirələri zamanı seçildiyi Qusar rayonun problemlərinin həlli ilə bağlı məsələ qaldırıb fikirlərini bildirib”.

“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Bəlkə də mən yaxşı jurnalist deyiləm, amma sözün açığı heç Milli Məclisdə o ad-familiyada deputat olduğunu bilmirdim”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli belə bir deputatın olduğunu indi öyrəndiyini deyir. “Azər Badamov adlı millət vəkili.., tanımıram. Çünki parlamentdə onun çıxışına rast gəlməmişəm. Bu isə o deməkdir ki, onun deputat fəaliyyətində heç bir aktivlik müşahidə olunmur. Səmimi etiraf edirəm ki, heç onun sifət cizgiləri mənə tanış deyil. Hərdən parlamentin komitə iclaslarında da oluram. Lakin Azər Badamov adlı deputatı tanımaq şansım olmayıb”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev deputat Azər Badamovdan müsahibə, açıqlama almadığını və onun parlamentdə hər hansı çıxışlarını, aktivliyini görməyib. “Ola bilər seçiciləri ilə işləyir, onların problemləri ilə maraqlanır, amma bundan məlumatsızam. Elə deputatlar var ki, seçiciləri görüşür, problemləri ilə maraqlanır, amma parlamentdə o qədər aktivlik nümayiş etdirmir. Ola bilsin ki, Azər Badamov da belələrindəndir.

“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Xaqani Səfəroğlu millət vəkili Azər Badamovun Milli Məclisdə fəaliyyəti barədə bir söz deyə bilməyəcəyini qeyd edib. “O, media üçün aktiv olan deputatlardan deyil. Odur ki, onun fəaliyyəti barədə xəbərsizəm”.

“Yeni Musavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Tanımadığım, fəaliyyətinə, səsinə bələd olmadığım biri haqqında nə deyə bilərəm. Bilmirəm bu mənim jurnalist fəaliyyətimin zəif olmağından irəli gəlir, ya deputatın fəaliyyətsizliyindən. Arzulardım ki, 2013-cü il bizim tanışlığımız ili kimi tarixə düşsün. Ola bilər Azər Badamov seçildiyi rayonda seçiciləri tərəfindən tanınır, amma parlament jurnalistləri üçün o qədər tanış ad deyil”.

APA-nın əməkdaşı Rəşad Süleymanov millət vəkilini belə xarakterizə edib: “Azər Badamov adlı deputatın adını eşitməmişəm, Milli Məclisdə onun aktivliyini görməmişəm. Adı olub,  fəaliyyəti görsənməyən deputatlardandır. Ümumiyyətlə, parlamentdə Azər Badamov kimi bir neçə deputat var ki, mən onları “lalların” deputatı kimi təqdim edərdim”. 

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan da digər həmkarları kimi belə deputat tanımadığını vurğulayıb. “Heç olmasa bir çıxış etsəydi, yadımda qalardı. Hansı rayonun deputatı olduğunu da bilmirəm”.

“Lent.az” saytının əməkdaşı Ramiz Mikayıloğlu bildirib ki, Azər Badamov o qədər passiv deputatdır ki, onun nə vaxtsa çıxış etdiyini xatırlamır.

“Gün.az” saytının əməkdaşı Kamil Həmzəoğlu qeyd edib ki, Azər Badamov adlı deputatın parlamentdə varlığı ilə yoxluğu bilinmir. “Çox nadir hallarda hansısa məsələ ilə bağlı çıxışlar edib və mətbuatın suallarına cavab verir. Bir dəfə də olsun parlament müxbirlərinin ona yaxınlaşıb hansısa açıqlama aldığının şahidi olmamışam.  

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı millət vəkili Azər Badamovu gerçəkdən tanımır. “Hətta onun adı və soyadını cəmi iki dəfə eşitmişəm. 2010-cu il parlament seçkilərində hansı dairədən kimin deputat olacağı maraqlı idi. O zaman Azər Badamovun adını eşitmişdim. İndi də bu sorğudan eşidirəm”.

“Ann.az” saytının əməkdaşı Elkin Xəlilov millət vəkili Azər Badomovu çox passiv deputat kimi tanıyır.
“Ümumilikdə aylarla bu insan haqqında xəbər eşitməsək belə çox normal qarşılanır. Nəzərə alsaq, bəzi deputatlar təkcə Milli Məclislə deyil, həm də sosial şəbəkələrdə, mətbuatda aktivdirlər. Hər həftə onlar haqqında ən azı bir xəbər eşidirik. Amma Azər Badomov mətbuatda haqqında xəbər getməməsi üçün sanki əlindən gələn hər şey edir. Bir də bunu nəzərə almaq lazımdır ki, bəzi deputatlar sanki seçildikləri dairədən başqa onları kənar yerdə tanımamalarını çox normal qarşılayırlar. Amma onlar bilməlidilər ki, təkcə öz dairəsini deyil, bütövlükdə cəmiyyəti təmsil edirlər. Bu baxımdan deputatların qanunvericlik aktları ilə çıxış etməsi, mediada tez-tez görsənməsinə və ictimai aktivliyinə ciddi ehtiyac var. Ümüd edirəm ki, Azər Badomov da jurnalistlər və mediayla münasibətlərini qaydaya salacaq və passiv mövqeyini tərk edərək, aktiv deputatlar sırasına qoşulacaq”.

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım