Modern.az

Övladları jurnalist Rəşad Süleymanovun məzarına GETDİLƏR - FOTO

Övladları jurnalist Rəşad Süleymanovun məzarına GETDİLƏR - FOTO

Media

15 Dekabr 2021, 12:50

15 dekabr tarixi mərhum jurnalist, “AzeriDefence” jurnalının eks-baş redaktoru, hərbi ekspert Rəşad Süleymanovun anım günüdür.

 
Modern.az-ın məlumatına görə, həmkarımızın ölümündən 1 il ötür.

Mərhum jurnalistin övladları onun məzarını ziyarət edib, fotoşəkil paylaşıblar.


Təsadüfə bax ki, 15 dekabr tarixi Rəşad Süleymanovun anım günü, böyük oğlu Məhəmmədin isə doğum günüdür.

Ötən ilki doğüm günündə atasını həmişəlik itirmiş Məhəmməd Süleymanov hələ də bununla barışa bilmir.

“Artıq bir ildir şəkillərinlə danışıb,onlarla təsəlli alırıq canım atam... Mən möcüzələrə inanmıram, amma sənin bir möcüzə sayəsində qayıtmağını istəyirəm... Sənsiz keçən bir ilin yuxu olmağını istərdim...
Nə atam bizdən doydu, nə biz atamızdan…

Ata! Mən sənə söz verdiyim kimi, layiq övlad olacam! Arzularını yerinə yetirəcəm, anama, bacı-qardaşıma bacardığım qədər diqqət göstərəcəm! Səni sonsuz çox istəyirəm Ürəyim. Məkanın cənnət olsun, nur üzlüm”,-deyə Məhəmməd Süleymanov atasının anım gününə həsr etdiyi paylaşımanda bildirib.

Rəşad Süleymanov 1982-ci ildə Füzuli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. 1999-2003-cü illərdə müxtəlif mətbuat orqanları ilə əməkdaşlıq edib, ilk dəfə daimi işə “Həftə içi” qəzetində başlayıb.
Orta məktəb illərində hüquqşünas olmaq istəyən R.Süleymanov səhv kodlaşdırma nəticəsində Jurnalistikaya daxil olub. Bu sahəyə marağını isə “Ədalət” qəzetində işləyən yaxın qohumu oyadıb. Bir müddət jurnalist kimi fəaliyyət göstərən R.Süleymanov 2004-cü ildə bu sahədən getməyi qərarlaşdırıb. Ancaq heç xoş olmayan bir hadisənin baş verməsi Rəşad Süleymanovu jurnalistikada qalmağa vadar edib.
Qeyd edək ki, Rəşad Süleymanovun mətbuatda ilk yazısı “525-ci qəzet”də kriminal hadisə ilə bağlı bir xəbər olub. 

“525-ci qəzet”, APA İnformasiya Agentliyi və digər mətbuat orqanlarında çalışan mərhum jurnalist ömrünün son illərində təsisçisi olduğu “AzəriDefence” jurnalının baş redaktoru kimi fəaliyyət göstərib. O, həm də hərbi ekspert kimi çıxışlar edib. 

2020-ci ildən ölkəmizdə tüğyan edən koronavirus infeksiyasına yoluxma onu da mətbuatdan alıb apardı. 

Rəşad Süleymanov 38 yaşında koronavirusa yoluxdu. 2020-ci ilin dekabrın 15-də bu xəstəliyə tab gətirə bilməyən hərbi jurnalist vəfat etdi.

Jurnalistin böyük oğlu Məhəmməd Süleymanov atasının arzusuna müvafiq olaraq hazırda Dövlət Sərhəd Xidmətinin Məktəbində təhsil alır.


A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi