“İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdi. Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. Hazırda saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər”.
Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın “El Pais" qəzetinə müsahibəsində deyib.
“Onlar bu terror aktlarını törədiblər, nəticədə bir neçə hərbçi və mülki şəxs həlak olub və onlar saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Onların bəziləri humanitar məqsədlərlə azad ediliblər. İndiyədək biz 100-dən çox saxlanılan şəxsi azad etmişik. Cinayət törədənlər isə mühakimə olunublar. Beləliklə, bu insanlar heç bir beynəlxalq konvensiya ilə hərbi əsir hesab edilə bilməzlər. Digər məsələ ondan ibarətdir ki, saxlanılan şəxslərin bəziləri, biz onları geri qaytarandan sonra, – onlardan 10-unu 10 gün əvvəl qaytarmışıq, – Ermənistanda həbs olunub. Bu, bizə, bu insanlara, onların qohumlarına çox ciddi bir siqnaldır. Biz onları Ermənistana qaytarmışıq, onlar isə həbs ediblər. Ola bilsin ki, onlar bu şəxslərə işgəncə verəcəklər. Onların çox sərt təcrübəsi var, çünki bizim əsirlərin Ermənistan həbsxanasındakı dəhşətli vaxtlar barədə danışdıqları onu göstərir ki, bu insanlar çox ağır işgəncələrə məruz qalacaqlar. Ona görə də, əgər biz daha çox adam qaytarsaq, onlar həbs olunacaqlar. Bu, real faktdır və bunu təsdiq etmək olar”,- Prezident bildirib.
Saxlanılan erməni həbçilərin sayına toxunan İlham Əliyev deyib ki, noyabr ayının ortalarında hərbi təxribat həyata keçirərkən 30-dan artıq erməni hərbçi tutulub:
“Onların biri yaralı idi və bizim həkimlər onun qeydinə qaldılar, o, əməliyyat olundu və sağalan kimi biz onu geri qaytardıq. Bu, həqiqətdir və təsdiqini tapmış məsələdir. Həmin qrupa daxil olan daha 10 nəfər də geri qaytarılıb və onların bir çoxu artıq Ermənistanda həbsdədir. Beləliklə, Ermənistanın noyabrdakı hərbi təxribatı nəticəsində təqribən 30, ötən ilin noyabrından bəri isə 40-a yaxın hərbçisi əsir düşüb və biz bu rəqəmləri gizlətmirik. Ermənistan tərəfinə əsirlərin ad, soyad və təvəllüdləri ilə bağlı siyahı təqdim edilib. Yəni, onların bundan xəbəri var, beynəlxalq təşkilatların məlumatı var, biz bunu gizlətmirik, çünki burada sirr yoxdur. Eyni zamanda, məhkəmələrin qərarları ictimaiyyətə açıqdır və hər kəs əsirlərin sayını bilir. Lakin yenə də deyirəm, bu, ədalət mühakiməsi məsələsidir. O şəxslər ki, cinayət törətməyib, azərbaycanlıları qətlə yetirməyib, onlar geri qaytarılıb. Artıq qeyd etdiyim kimi, belə şəxslərin sayı 100-dən çoxdur. Məndə olan məlumata görə, xırda cinayətlər törədənlər yüngül cəzalar alıb. Ancaq azərbaycanlıların qətlində əli olanlar məhkəmə qarşısında cavab verməlidir və bu, istənilən ölkədə belədir. Bir daha deyirəm, bu şəxslər İkinci Qarabağ müharibəsinin başa çatmasından 20 gün sonra saxlanılıb. Onlar azad olunmuş ərazilərə noyabrın 26-da göndərilib və ötən il dekabr ayının əvvəlində saxlanılıblar. Növbəti qrup isə qeyd etdiyim kimi, bu ilin noyabrında saxlanılıb. Burada mənzərə tamamilə şəffafdır”.
Əsirlərin qaytarılmasından danışan dövlət başçısı xatırladıb ki, onlardan 10 nəfəri on gün bundan əvvəl qaytarılıb:
“Proses humanitar əsaslarda davam edir. Biz heç vaxt “yox” deməmişik, ancaq proses Azərbaycan qanunvericiliyi çərçivəsində, ədalət və humanizm üzərində qurulmalıdır. Bu amillərin vəhdəti mövcuddur, proses gedir, onun davam edəcəyini istisna etmirik. Burada nəyin nə vaxt baş verəcəyini deyə bilmərəm, ancaq proses gedəcək”.