İran diplomatının bir neçə gün öncə Azərbaycana girişinə qadağa qoyulması bu ölkə rəsmilərinin ciddi narazılığına səbəb olub. Qonşu ölkənin rəsmiləri Azərbaycana İranla əlaqələrində daha ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.
Modern.az-ın məlumatına görə, bu barədə “Fars” Agentliyi xəbər yayıb.
”Qonşu ölkələrin rəsmiləri, xüsusilə Azərbaycan rəsmiləri diqqətli və ayıq hərəkət etməlidirlər” deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst özünün həftəlik mətbuat konfransında bildirib.
Mehmanpərəst həmçinin İran və Azərbaycan arasındakı tarixi, mədəni və dini oxşarlıqların olduğunu qeyd etməyi də unutmayıb. O, Tehranın Azərbaycanla əlaqələri ən yüksək səviyyədə inkişaf etdirməyə can atdığını və iki ölkə arasında bəzi vaxtlar yaradılmış problemlərin siyasi yolla həll ediləcəyini də sözlərinə əlavə edib.
Qeyd edək ki, bir həftə öncə İranın Bakıdakı səfirliyinin mədəniyyət mərkəzinin əməkdaşı Astara gömrük məntəqəsində yoxlamadan keçərkən ölkəmizə buraxılmayıb.
İranın Bakıdakı səfirliyindən Modern.az-a bildirlib ki, həmin şəxsin saxlanma səbəbi məlum deyil, hazırda səfirlik Azərbaycanın Xarici İşlər Nazirliyi ilə birgə bu məsələni araşdırır. Əməkdaşın adına gəlincə, mətbuat xidmətindən bildirilib ki, həmin şəxsin adını açıqlamaq istəmirlər.
Modern.az