Modern.az

Azərbaycan Brüsseldə diplomatik uğur QAZANDI

Azərbaycan Brüsseldə diplomatik uğur QAZANDI

Parlament

16 Dekabr 2021, 11:39

Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub.


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a açıqlamasında bildirib ki, Brüssel müzakirələri Azərbaycanı növbəti diplomatik uğurudur.


Onun sözlərinə görə, Brüsseldə istər NATO-nun baş katibi, istərsə də Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə üçtərəfli görüşlərdə Prezident İlham Əliyev qarşıya qoyduğu bütün məsələlərə nail oldu:


“Ermənilər isə əksinə, iddia etdikləri və arzusunda olduqları məsələlərin heç birini gündəmə çıxarıb müzakirə edə bilmədilər. Ermənistanda Brüssel görüşlərindən öncə belə bir fikir yayılmışdı ki, Soçi görüşlərinin nəticələrini Brüsseldə neytrallaşdıra və yeni bir danışıqlar formatına keçə biləcəklər. Bunların heç biri olmadı. Ümumiyyətlə, Brüssel görüşündə ermənilərin arzuladıqları status məsələsindən, ATƏT-in Minsk qrupunun “dirilməsindən” söhbət belə getmədi. Əksinə, Azərbaycan Prezidentinin diplomatik gedişləri  ilə danışıqlar müstəvisi Qarabağdan Zəngəzur dəhlizinə, sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinə keçirildi. Artıq Qarabağ probleminin həll olunduğunu Avropa İttifaqı da qəbul etməkdədir. Bu bizim böyük uğurumuzdur”.


Deputat qeyd edib ki, Azərbaycanın növbəti uğuru Avropa İttifaqının Azərbaycana humanitar dəstək göstərməsi ilə bağlı bəyanat verməsindədir:


“Məlumdur ki, Avropa İttifaqı bu ilin əvvəlində Ermənistana “Şərq Tərəfdaşlığı” çərçivəsində maliyyə yardımı ayrılması barədə qərar qəbul etmişdi. Amma Azərbaycan üçün belə qərarı görünmədi. Bu görüşdə səslənən fikirlər, xüsusən minaların təmizlənməsi, o cümlədən qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıtması, dağıdılmış şəhər, qəsəbə, kəndlərinn bərpasında Avropa Birliyinin humanitar layihələr çərçivəsində iştirak etməsi o deməkdir ki, İttifaq   Qarabağın yenidən qurulması üçün maliyyə dəstəyini əsirgəməyəcək”.


Komitə sədri bildirib ki, görüşdə əldə olunan digər məsələnin Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında sərhədlərinin delimitasiyası və demarkasiyası prosesində iştirakında maraqlı olmasını bəyan etməsidir:


“Avropa İttifaqı bu prosesdə maliyyə, texniki və məsləhət dəstəyi göstərə biləcəyini açıqlayıb. Əlbəttə, bu, Avropa Birliyinin özünün də maraqlarına xidmət edən məsələdir. Artıq Avropada da qəbul edirlər ki, Azərbaycan Qarabağ münaqişəsi məsələsini qalibiyyətlə həll edib və bölgədə ikinci bir müharibənin başlanması real deyil. Başlayarsa belə, bu Ermənistanın xeyrinə olmayacaq. Bölgədə Rusiyanın varlığını hiss edən Avropa İttifaqı özü də burada olmasını hər hansı vasitə ilə göstərmək istəyir. Bu da onların öz maraqlarından irəli gələn məsələdir. Hər halda, bu bizim maraqlarımızla üst -üstə düşə bilər”.

 

M.Quliyev görüşdə müzakirə olunan digər məsələnin dəhlizlə bağlı olduğunu diqqətə çatdırıb:

 

“Prezident İlham Əliyev dəhliz məsələsini önə çəkməklə artıq Qarabağ münaqişəsinin bitdiyini və problemin müzakirə mövzusu olaraq Qarabağın status məsələsi deyil, Zəngəzur dəhlizi və sərhəd məsələsini önə çəkilməsi olduğunu xatırladıb. Prezident İlham Əliyevin həm mətbuat konfransında, həm də bəyanatda söylədiyi kimi, Zəngəzur dəhlizi o statusa malik olacaq ki, Laçın dəhlizi də o statusa malikdir. Yəni, Laçın dəhlizində əgər biz gömrük nəzarət məntəqəsi qoymayacağıqsa, deməli Zəngəzur dəhlizi də açıq olacaq. Yox əgər, Zəngəzur dəhlizində hansısa gömrük nəzarəti olacaqsa, Laçın dəhlizi də eyni statusda olacaq.

Digər məsələ avtombil yolu ilə bağlıdır. Yəni, ola bilsin ki, avtomobil yolu iki istiqamətdə çəkilsin. Həm Zəngilan-Meğri rayonundan keçməklə Naxçıvana, yaxud da Laçın -Gorus -Sisyan -Biçənək marşurutu ilə Naxçıvana getsin. Belə olan halda da biz hər iki yola Laçın dəhlizinə verilən statusa uyğun status  tələb etməkdə üstünlük qazanmış oluruq. Digər tərəfdən, Laçın dəhlizinə nəzarət 5 ildən sonra tamamilə Azərbaycana keçəcək. Amma Zəngəzur dəhlizi artıq müqavilələrdən göründüyü kimi, müddətsiz komunikasiya vasitəsidir. Bizim burada diplomatik uğurumuz artıq göz önündədir”.


Deputat Prezidentin NATO ilə əməkdaşlıq və tərəfdaşlıq məsələlərini yenidən aktuallaşdırması və Azərbaycan hərbi qüvvələrinin dünyada sülhün təmin olunmasında iştirakını ölkəmizin uğuru adlandırıb.


“Bütövlükdə götürəndə Brüssel görüşləri və Ermənistan-Azərbaycan konflikti bitəndən sonra, həm 10 noyabr 2020 -ci il,həm də  11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli görüşlərdən irəli gələn məsələlərin heç birini inkar etmədi. Əksinə, hamısını təsdiq etdi. Bu da Azərbaycanın diplomatik uğuru sayıla bilər”, - deyə, sonda M.Quliyev bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?