Standartlaşma Meteorologiya və Patent üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, ölkədə əhalinin təhlükəsizlik normalarına uyğun və keyfiyyətli çörək məmulatları ilə təmin edilməsi, taxıl və un məmulatlarının standartlaşdırılması üzrə işlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə Azərbaycan Standartları İnstitutunun nəzdində “Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə” Texniki Komitə (TK 15) yaradılıb.
Əmrə əsasən, TK-nın эsasnaməsi, strukturu və tərkibi təsdiq edilib. Texniki Komitədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və bir neçə çörəkbişirmə müəssisəsinin mütəxəssisləri də təmsil olunur.
Texniki Komitənin əsas vəzifələri taxıl və un məmulatları sahəsində milli, dövlətlərarası, beynəlxalq, regional və xarici ölkələrin standartlarının, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin layihələrini hazırlamaq, ekspertizasını təşkil etmək, standartlaşdırma sahəsində sənədlərin layihələrinin təsdiq və ya rədd edilməsi barədə əsaslandırılmış təkliflər hazırlamaq və s.-dir.
Gültəkin Ələsgər