“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifqaının sədri, deputat Fuad Muradov bu gün İtaliyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Mario Balti ilə görüşüb. BGİ-nin mətbuat xidmətinin yaydığı məlumata görə, görüş zamanı F. Muradov rəhbərlik etdiyi “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının fəaliyyəti və prioritetləri barədə səfir M.Baltiyə məlumat verib. Qeyd olunub ki, qədim zamanlardan başlayaraq fəaliyyət göstərən «Böyük İpək yolu» məşhur italiyalı səyyah Marko Polonun adı ilə sıx bağlı olub. Marko Polo məhz “İpək yolu” ilə XIII əsrdə İtaliyadan ortadoğu və Orta Asiya yolu ilə Çinə gedib. Məşhur səyyah öz səfər yazılarında Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması habelə Şamaxı və Bərdənin ipək məmulatlarının gözəlliyini vurğulayıb.
Mario Balti görüşdən məmnun qaldığını deyib və “İpək Yolu”nun çağdaş missiyasını dəstəklədiyini vurğulayıb. Səfir qeyd edib ki, tarixi yol üzərində yerləşən ölkələrin gəncləri arasında mədəni mübadilə və əməkdaşlıq ölkələr arasında əlaqələrin daha da yaxınlaşmasına böyük kömək edir. Görüş zamanı İtaliya gənclərinin BGİ-yə üzvlük məsələsi müzakirə edilib.
Səfir italiyan gəncləri birləşdirən Qeyri-Hökümət Təşkilatları və təşkliatları ilə əlaqələrin qurulmasını təklif edib.