Modern.az saytında “Kommunal xərciniz ən çox hansı xidmətə gedir?” adlı sorğu yekunlaşıb.
Sorğunun nəticələrinə görə, insanlar kommunal xidmətlərə görə ən çox pulu qaza ödəyirlər. Belə ki, sorğuda iştirak edənlərin 55,9%-i qaza daha çox pul ödədiyini bildirib.
Sorğu iştirakçılarının 21%-i işığa, 11,4%-i suya və 11,4%-i istiliyə çox pul xərclədiyini qeyd edib.
1 noyabr 2021-ci il tarixindən Azərbaycanda işıq və qazın yeni qiymətləri qüvvəyə minib.
İşığın qiyməti istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilib.
1 noyabr 2021-ci il tarixindən qazla bağlı əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.
İstehlak edilən qazın 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metrə görə 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.
Suyun bir kubmetri və tullantı sularının axıdılmasına görə tarif Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda əhali qrupundan olan abonentlər üçün 1 manat müəyyənləşdirilib.
İstiliyə görə isə əhali qrupu abonentləri üçün 1 m2 yaşayış sahəsinə görə 15 qəpik aylıq ödəniş müəyyən olunub.