Modern.az

“Nənəm deyirdi ki, a bala, sən mütləq kolxoz sədrinin qızını almalısan” - xalq artisti Tariyel Qasımovun İLK SEVGİ ETİRAFI

“Nənəm deyirdi ki, a bala, sən mütləq kolxoz sədrinin qızını almalısan” - xalq artisti Tariyel Qasımovun İLK SEVGİ ETİRAFI

14 Dekabr 2012, 10:34

Deyirlər ki, sevgi yaş tanımır və sevginin yaşı olmur. Bəzən kiminsə ilk sevgisi bağça yaşlarından başlayıb, ta ömrün son yarpaqları tökülənə qədər davam edir. Sənin həyat səhifəndən çox sayda insan keçsə də, ilk sevgi, ilk sevgi etirafı və ilk sevgi məktubu unudulmur.

Modern.az bu gündən yeni rubrikaya başlayır. Cəmiyyətdə tanınan, məşhur olan şəxslər ilk sevgi etiraflarından, sevginin onlar üçün nə məna kəsb etdiyindən danışacaq.
“İlk sevgi hekayəsi” rubrikasının elə ilk qonağı da saysız teatr tamaşaları və “Babək”, “Axırıncı aşırım”, “Ad günü” və s. filmlərdən yaxşı tanıdığımız Xalq artisti Tariyel Qasımovdur.

T.Qasımova yeni rubrika barəsində məlumat verəndə və burada onun iştirak etməsini istədiyimizi deyəndə böyük məmnuniyyətlə qəbul elədi. Oxucularımıza Tariyel Qasımovun ilk əzablı sevgi hekayəsini təqdim edirik.

İlk dəfə sevəndə orta məktəbdə oxuyurdum. Atam da kolxoz sədri olub, həmişə nənəm, anam deyərdi ki, a bala, sən böyüyəndə mütləq kolxoz sədrinin qızını almalısan ha, kasıb qızı alma. Biz Ağstafanın Köçəsgər kəndindənik, bizim kənddəki məktəb 10 illik idi. Amma qonşu kənddə məktəb 7 illik idi. Sonra həmin kənddən bir neçə uşaq bizim məktəbə 8-ci sinifdə oxumağa gəldi. Orda da məlum oldu ki, bir qız var, onun da atası həmin kəndin kolxoz sədridir. Mənə də nənəm deyib axı, sən kolxoz sədrinin qızını almalısan. Gördüm qəşəng qızdır, dərs vaxtı ona eşq məktubu yazdım. Yazdım ki, xoşuma gəlirsən, istəyirəm ki, gələcəkdə səninlə evlənim.

Mən qabaq partada otururdum, amma təzə gələnlər arxa partalarda otururdu. Ötür-ötür edərək məktubu qıza göndərdim. Qız məktubu oxuyan kimi ağlamağa başladı. Allah rəhmət eləsin Səkinə müəllimə, dedi ki, qızım niyə ağlayırsan? Nə qədər elədi, qızdan səs çıxmadı. Axırda gəldi yanına, dedi ki, nə olub? Qız yazdığım məktubu müəllimə verdi. Müəllimə dedi ki, məktubu kim yazıb, uşaqlar məni göstərdilər. Məni ayağa qaldırdı müəllim, məktub yazdığım qələm də əlimdə idi. O vaxt ucu şiş qələmlər olurdu. Müəllimə istədi mənə sillə vursun, üzümü qorumaq üçün əlimi üzümə tutanda, əlimdəki qələmin ucu girdi müəllimin əlinə. Səkinə xanım arxası üstdə yerə yıxıldı. Sinifdən qaçdım. Bir həftə dərsə getmədim. Bir gün direktor atama deyib ki, Tarıyel niyə gəlmir dərsə? Atam da deyib ki, elə şey ola bilməz, o hər gün dərsə gedir axı. Axşam evə gələndə atam dedi ki, niyə dərsə getmirsən? Dedim ki, gedirəm. “Qənbər müəllim deyir ki, dərsə gəlmir axı” deyə atam təəcübləndi. Sabah məcbur məktəbə getdim. Bir də gördüm ki, direktor dərs vaxtı sinfə girdi, gəlib qulağımdan darta-darta öz kabinetinə apardı. Onun da otağında şagirdləri döymək üçün çoxlu nar çubuqları var idi. İndi qadağadır döymək, o vaxt döyürdülər uşaqları. Direktor yaxşı bir nar çubuğu seçərək məni əməlli-başlı döydü, bir həftə evdə xəstə yatdım.

O hadisədən sonra mən sevgi adı gələndə uzaq qaçırdım. Tələbəlik illərində Teatr İnstitutunda oxuyanda qrupda 10 oğlan, 10 qız idik. İndi onların bəzilər xalq artisti, tanınmış şəxslərdir. Qrupda yaraşıqlı oğlan olduğum üçün mənə qızlar tez-tez sevgi etirafları edirdilər. Amma o vaxtkı qorxu canımda olduğu üçün mənim heç kimlə işim olmurdu. Qızlar məktub yazırdı, məndə yazırdım ki, heç kimi sevmirəm.

Universiteti bitirdim, sonra həyat yoldaşımla tanış oldum, sevib evləndik. Çünki sevgisiz ailə olmaz.

Oğlum hələ subaydır, evlənməyib. İndiki gənclərin işinə qarışmaq olmur axı. Özləri seçir, özləri sevir. Mənim istəyimlə bir dəfə olmuşdu, baxdı qıza, bəyənmədi. Sonra da bağlandı söhbət, vəssalam. Amma məncə, valideynlər məsləhət bildikləri qızları oğlanlarına almalı, məsləhət bildikləri oğlana qızlarını verməlidir. Əlbəttə, ortada sevgi olmaq şərtilə.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə