Bütün dünyaya bəllidir ki, Azərbaycan dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra hüquqi dövlət quruculuğu prosesində nümunə sayıla biləcək bir yol keçib.
1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyamız dünyada nadir konstitusiyalardandır ki, burada demokratik hüquqi dövlətin bütün prinsipləri, yəni qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Konstitusiyanın qəbulundan sonra ölkəmizdə bir çox sahələrdə, xüsusən hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verdi.
Hakimiyyətlərin bölgüsü prinsipinin daha ardıcıl həyata keçirilməsi üçün məhkəmə-hüquq islahatları aparıldı, ölkəmiz insan hüquqları sahəsində bir çox konvensiyalara qoşulmuş, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün ölkə daxilində yeni mexanizmlər yaradıldı.
Hazırda hüquqi dövlət quruculuğu sahəsində ölkəmiz kifayət qədər təcrübəli addımlarla irəliləməyə davam edir.
Qanunvericilik hakimiyyətini icra edən Azərbaycan Respublikasının Milli Məclisi mütəmadi olaraq, yeni qanun layihələrinin hazırlanması və müzakirəsini həyata keçirir, artıq qəbul edilmiş qanunlarda müasir dövrün tələblərinə uyğun olmayan məqamlar üzərində dəyişiklikləri təmin edir.
Sonuncu dəfə gündəmə səs salan yeni qanun layihəsi isə uzun müddətdir üzərində iş aparılan "Media haqqında" hazırlanmış Qanun layihəsi oldu.
Layihə ictimai müzakirələrdən sonra Milli Məclisə təqdim olundu və parlamentin 14 dekabrda keçirilən plenar iclasında birinci oxunuşda təsdiq edildi.
İctimai müzakirələrin fonunda bildirildi ki, “Media haqqında" Qanun layihəsi söz və mətbuat azadlığı sahəsində dövlətin yeni hədəflərini müəyyənləşdirməyə, onun iqtisadi bazasını, kadr potensialını və peşəkarlıq səviyyəsini artırmağa, KİV sahəsində suverenliyimizi qorumağa xidmət edəcək.
Layihə dövlətimizin başçısının müvafiq Fərmanından sonra yaradılan İşçi Qrupu və Milli Məclisin üzvləri ilə birgə hazırlanıb.
Media sahəsində sürətlə dəyişən çağırışları və tələbləri tənzimləmək üçün yeni qanuna ehtiyac yaranıb. Bu qanun qəbul edildikdən sonra “KİV haqqında” və bu sahəni tənzimləyən digər qanunlar qüvvədən düşmüş hesab olunacaq.
Yeni qanun media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Layihə 9 fəsil 78 maddədən ibarətdir.
Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir. Bildirilib ki, qanun layihəsində əsas anlayışların yeni redaksiyada şərhi verilib, media subyektləri, o cümlədən audiovizual media, çap mediası, onlayn media və informasiya agentliklərinin dairəsi, onlara dair tələblər öz əksini tapıb.
Sənəddə media sahəsində fikir müxtəlifliyini və fəaliyyət azadlığını təmin etmək, ölkədə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq, medianın inkişafının təşviqi, media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq, rəqabət mühitinin təmini, bərabər fəaliyyət imkanları yaratmaq bu sahədə dövlətin əsas vəzifələri kimi göstərilib.
Qanun layihəsində jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər müvafiq maddələrdə öz əksini tapıb.
Bu barədə danışan deputat Arzu Nağıyev yeni hazırlanmış "Media haqqında" qanun layihəsini mütərəqqi sənəd adlandırıb. Onun fikrincə, 1999-cu ildə qəbul edilən qanunun yenisi ilə əvəz edilməsi müasir reallığa uyğundur:
"Dünyada və regionda baş verən hadisələrin fonunda media sahəsində islahatların da diqqətdə saxlanılaraq, belə bir qanunun qəbul edilməsi düzgün addımdır. Qanun layihəsi iki komitədə müzakirədən sonra plenar iclasa tövsiyə olundu. Əsas məsələ budur ki, qanun qəbul edilərsə, artıq jurnalist kim olduğunu, medianın mahiyyətini, media subyektlərinin səlahiyyət və öhdəliklərini tam dərk edəcək".
Azərbaycan mediasının dünya mətbuatı ilə əlaqələri, dünyaya çıxışı məsələsinə gəlincə, deputat hesab edir ki, informasiya müharibəsində yeni imkanlar baxımından sözügedən qanun layihəsi əhəmiyyətli məqamlar vəd edir:
"44 günlük Vətən müharibəsi və ondan sonrakı dönəmdə informasiya savaşı da ölkəmiz üçün əhəmiyyətli məsələyə çevrildi. Prezident İlham Əliyevin 4 dildə apardığı informasiya müharibəsinin hibrit müharibədə rolu böyük oldu. Bu gün də Azərbaycan reallığını dünyaya çatdırmaq üçün ciddi media qurumlarının fəaliyyəti tənzimlənməlidir. Bir neçə dildə fəaliyyəti təmin etmək, xarici media qurumlarının bizə istinad etməsinə nail olmaq, dünyaya inteqrasiya baxımından medianın inkişafına təkan vermək önəmli məsələdir. Ona görə, düşünürəm ki, yeni qanun layihəsindən irəli gələn tələblər informasiya sahəsində beynəlxalq əlaqələrin gücləndirilməsinə də müsbət təsir edəcək”.
"Türküstan" qəzetinin və “turkustan.info” saytının baş redaktoru Aqil Camal isə qeyd edib ki, ölkələrin media fəaliyyəti ilə bağlı qanunvericiliyində dəyişikliklər mediaçılığın yayım imkanlarını məhdudlaşdıra bilməz:
“Bu gün Azərbaycandan kənarda fəaliyyət göstərən, amma ölkə auditoriyasına xitab edən, təsir göstərən nə qədər resurslar var ki, onlara yerli qanunvericilik aktlarının tətbiq olunması qeyri-mümkündür. Bu baxımdan, zənnimcə, Azərbaycanda müzakirəyə çıxarılan "Media haqqında" yeni qanun layihəsini ifadə azadlığının və sərbəst media fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş addım kimi qiymətləndirmək doğru olmaz.
KİV haqqında qanun layihəsi 1999-cu ildə - 22 il əvvəl qəbul olunub. O vaxtdan, bu vaxta dünyada və ölkəmizdə kütləvi informasiya vasitələri sahəsində hansı yeniliklərin baş verdiyini kiməsə izah etməyə ehtiyac yoxdur.
Yəni, bu qanunun yenilənməsi - çağdaş mediaçılıq fəaliyyətinə əsaslanan tənzimləyici aktın yaradılması labüddür. Çünki, müasir informasiya resursları siyasi mövqeyindən asılı olmayaraq bir çox hallarda hüquqi status məsələsində çətinliklərlə qarşılaşırlar.
Bu isə onların həm dövlətin media siyasətinə dəstək layihələrindən, həmçinin, özlərinin işgüzar və digər inkişaf yönümlü fəaliyyətinə əngəllər törədir. Səbəb isə yeni dövr media subyektlərinin statusunun köhnə qanunvericilikdə təsbit olunmamasıdır. Ona görə də, artıq ölkəmiz çağdaş medianın inkişafına yol açan yeni bir qanuna sahib olmalıdır”.
Aysel Aslan
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” mövzusunda dərc olunub.