Helikopterin idarə edilməsi zamanı çoxsaylı parametrlər üzrə qeydə alınmış məlumatlar əsasında Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, “ASG Helicopter Services” şirkətinin peşəkar mütəxəssisləri tərəfindən verilmiş rəy, eləcə də rəydə göstərilən halları təsdiq edən toplanmış sübutlarla istintaqın hazırkı mərhələsində müəyyən edilir ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almayaraq helikopterin istismar qaydalarına zidd olaraq idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub".
Modern.az xəbər verir ki, bu sözləri Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov bu gün "Noyabrın 30-da hərbi helikopterin təlim uçuşları zamanı qəzaya uğraması faktı ilə bağlı istintaq olunan cinayət işi üzrə əldə olunmuş ilkin nəticələrə dair” keçirilən brifinqdə deyib.
O bildirib ki, aparılmış ilkin məhkəmə-tibbi müayinəsinə əsasən qəza nəticəsində həlak olmuş şəxslərin ölüm səbəbi müxtəlif dərəcəli bədən xəsarətləri alması nəticəsində yaranmış travmatik şok olub:
"Qəzaya uğramış helikopterin zərbə ilə yerə dəyməsi səbəbindən helikopterin sol qapısı və alın şüşəsi yerindən çıxmış, zərbələrin təsirindən helikopterdə olan şəxslərdən 4 nəfər çölə atılmış, onlardan 2-i aldıqları xəsarətlərin ağırlığından hadisə yerində ölmüş, digər 2-si isə sağlamlığa az ağır zərərvurmaya aid müxtəlif xəsarətlər alıblar. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir. İstintaqın detalları ilə bağlı digər həmkarlarım tərəfindən ətraflı məlumat veriləcəkdir".