Modern.az

İstintaq qrupunun rəhbəri: “Helikopterin pilotları düzgün eniş etməyiblər”

İstintaq qrupunun rəhbəri: “Helikopterin pilotları düzgün eniş etməyiblər”

Aktual

20 Dekabr 2021, 12:35

“Təlim günü küləyin sürəti, hava məlumatları öyrənilmişdi. İstintaq sənədləri də göstərir ki, həmin gün ərazidə küləyin sürəti saniyədə 16 metr təşkil edib. Küləyin sürəti qadağanedici həddə olmayıb”.

Modern.az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, o cümlədən Xızıdakı helikopter qəzası ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, helikopterin marşrut üzrə hərəkətində qanun pozuntusu olmayıb:

"Sadəcə pilotlar küləyə qarşı eniş etməli idilər. Pilotlar eniş əməliyyatını istehsalçı zavodun təlimatlarına əsasən aparmayıb. Belə ki, pilotlar küləyin axını istiqamətində olan zaman enmə əməliyyatı hərəkətə keçirdikləri üçün qəza baş verib. Enmə əməliyyatı başqa istiqamətdə olsaydı, qəza baş verməyəcəkdi".

Sənan Paşayev deyib ki, bu helikopterin istismar müddəti 35 ildir.

“2020-ci ildə helikopter təmirə göndərilib. 2021-ci ildə təmirdən sonra sınaq uçuşları keçirilib və təhvil verilib”.

O bildirib ki, helikopterin texniki göstərişlərində nasazlıq olmayıb: “2013-cü ildə helikopterin “qara qutu”su yenilənib. Belə ki, o daha çox parametrlər qeydə alınan sistemlə əvəzlənib. “Qara qutu” müqavilə əsasında Çexiya Respublikasında yenilənib və təhvil verilib. Çexiya və Azərbaycanın Baş Prokurorluqları tərəfindən qəzadan sonra “qara qutu” açılıb və göstəricilər istintaqa təhvil verilib. 30 noyabr tarixində qəzaya qədər helikopter 17 dəqiqə 24 saniyə uçuş həyata keçirib. Uçuşa hazırlıq və uçuş müddəti helikopterdə heç bir nasazlıq müşahidə edilməyib və istintaq zamanı da heç bir nüans aşkarlanmayıb. Helikopterin enmə əməliyyatını yerinə yetirən zaman qəzaya uğraması müəyyən edilib. Qəzaya 25 saniyəyə qalan müddətə qədər heç bir nasazlıq olmayıb. Küləyin istiqamətini nəzərə almadan, uçuş metodikasına uyğun olmayan addımlara yol verildiyindən qəza baş verib. Pilotlar hadisədən yayınmağa cəhd etsə də, hündürlüyün sürətlə itirilməsi hadisəni qaçılmaz edib”.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 hərbi təyinatlı helikopteri Xızı rayonu ərazisindəki Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 16 nəfərdən 14-ü şəhid olub, iki hərbçimiz isə yaralanıb.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 352.2 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olmaqla uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ) və digər maddələri ilə cinayət işi başlanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər