“2011-ci ildə prezidentin sərəncamına əsasən, bağçalar Təhsil Nazirliyindən alınaraq, İcra hakimiyyətlərinə verilmişdi. Bunun da əsas səbəbi daha çevik və mobil idarəetmə prinsipinin yaradılması idi”.
Bu fikirləri Modern.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov ölkə başçısının uşaq bağçaları ilə bağlı yeni sərəncamını şərh edərkən deyib.
Onun sözlərinə görə, 2011-ci il sərəncamından keçən on il ərzində istənilən effekt əldə olunmayıb:
“Burada daha çox maddi -texniki bazanın mənimsənilməsi, tədris resurslarının olmaması, işə qəbul prosesində şəffalığın həyat keçirilməməsi kimi problemlər yarandı. Bunu aradan qaldırmaq üçün prezident yenidən bağçaları Təhsil Nazirliyinə qaytardı. Burada bir istisna var. Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən uşaq bağçaları İcra Hakimiyyətlərinin nəzdində qalacaq”.
K.Əsədov bildirib ki, belə olan halda bu addımın özünü müsbət dəyişiklik adlandırmaq olar:
“Burada birinci problem həmişə işə qəbul zamanı olurdu. Bu zaman şəffaflıq müşahidə etmirdik. Bir çox hallarda qeyri-qanuni yollarla, əsassız işə qəbul prosesi həyata keçirilirdi. İndi isə belə olmayacaq. Mərkəzləşmiş qaydada işə qəbul olacaq. Bundan əlavə, ötən on ildə uşaq bağçalarına uşaqların qəbulu şəffaf deyildi. Bir çox hallarda kiminsə vasitəsilə, hansısa yollarla bağçaya qəbul olurdu. İndi bu proses də mərkəzləşmiş qaydada olacaq. Bu, olduqca müsbət bir addımdır”.
Qeyd edək ki, Prezident İlham Əliyev Təhsil Nazirliyinin strukturu ilə bağlı sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, Təhsil şöbələri ləğv olunaraq, regional idarələr yaradılıb və uşaq bağçaları İcra hakimiyyətlərindən alınaraq, Təhsil Nazirliyinin tabelliyinə verilib.