Modern.az

Deputat jurnalistlərə cavab verdi: “Millət vəkili durub onların dalınca qaçmalı deyil ki?...” - AÇIQLAMA

Deputat jurnalistlərə cavab verdi: “Millət vəkili durub onların dalınca qaçmalı deyil ki?...” - AÇIQLAMA

Parlament

14 Dekabr 2012, 15:37

Modern.az-ın millət vəkili Azər Badamovun fəaliyyəti ilə bağlı parlament jurnalistləri arasında keçirdiyi sorğuya deputat münasibət bildirib. Azər Badamovun fəaliyyətini xarakterizə edən parlament jurnalistləri onu tanımadıqlarını və deputat kimi fəaliyyətilə tanış olmadıqlarını açıqlamışdılar. 51 saylı Qusar seçki dairəsindən seçilən deputat A.Badamov keçirilən rəy sorğusu ilə bağlı Modern.az-a açıqlama verib. Deputat jurnalistlərlə razılaşmadığını bildirərək, Milli Məclisin üzvü kimi kifayət qədər aktiv fəaliyyət göstərdiyini vurğulayıb. 

 “Bu gün həmin jurnalistlər məni tanımırlarsa, günah jurnalistlərin özündədir. Millət vəkili gedib özünü tanıtmalı deyil ki? Mən mətbuata daim açıq deputatam. Televiziyalarda da çıxışlarımız olur. Parlamentdə çıxışlar da edirəm. Amma bilmirəm nə üçün jurnalistlər belə düşünürlər. Hesab edirəm ki, obyektivlikdən uzaq fikirlərdir. Mən hər zaman jurnalistlərin suallarını cavablandırmağa hazıram.  Kimin, hansı jurnalistin nəsə sualı olubsa, həmişə cavabını vermişik. Mətbuatdan heç vaxt uzaq durmağa çalışmamışam. Əgər mənim haqda belə düşünürlərsə, fikirlər səsləndirirlərsə, bu, hesab edirəm ki, doğru deyil. Çünki, millət vəkili jurnalistə özünü tanıtmalı deyil. Parlamentin iclaslarında da kifayət qədər çıxışlarımız olur. Stenoqramlarda bunlar qeyd olunub. Məsləhət görürəm ki, jurnalistlər həmin o stenoqramları oxusunlar, görsünlər nə işlə məşğul oluruq. Sonra fikir bildirsinlər”, – deyə deputat vurğulayıb.

A.Badamov açıqlamasında jurnalistlərə öz tövsiyyələrini də bildirib:

“Jurnalistlərə təklif edirəm ki, millət vəkiləri ilə yaxından əlaqəyə girsinlər, yaxınlaşsınlar. Günah özlərindədir ki, yaxınlaşmırlar. Millət vəkili durub jurnalistin dalınca qaçmalı deyil ki, gəl məndən müsahibə al. Həmin jurnalistlərdən kim istəyirsə, gəlib müraciət eləsin, cavablandıraq. Mənim telefonum, elektron ünvanım həmişə açıqdır. Kimə nəsə lazımdırsa, buyursun. İlk növbədə mənim fəaliyyətimi dəqiq araşdırsınlar. Seçicilərlə də heç bir problem yoxdur. Seçicilərimlə də daim təmasdayam”.

Qeyd edək ki, Modern.az-ın sorğusu əsasında 20-yə yaxın parlament jurnalisti 51 saylı Qusar seçki dairəsinin seçilən deputat Azər Badamovu “deputat kimi necə xarakterizə edirsiniz?” sualına onu tanımadıqlarını, bir deputat kimi passiv olduğunu bildirmişdilər.

 

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım