Modern.az

“Övladlarımız ata yoxluğunu qəbul etmir” - Jurnalist Nicat Nəsirlinin xanımı xatirələrini DANIŞIR

“Övladlarımız ata yoxluğunu qəbul etmir” - Jurnalist Nicat Nəsirlinin xanımı xatirələrini DANIŞIR

Media

21 Dekabr 2021, 10:06

Modern.az saytı dünyadan vaxtsız köçmüş jurnalistlərin ailələrilə silsilə söhbətlərə davam edir.


Bu dəfə mərhum jurnalist, kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin haqqında xatirələri qələmə aldıq.


Arayış
: Əslən Füzulidən olan Nicat Nəsirli 1978-ci il iyulun 10-da Cəbrayıl rayonunda anadan olub. N.Nəsirli Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu idi. AzTV-də və digər KİV-lərdə, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri vəzifəsində çalışmışdı.

Beynində bədxassəli şiş aşkarlanmış N.Nəsirli bu il sentyabrın əvvəlində əməliyyat olunmaq üçün Türkiyəyə gedib. O, sentyabrın 14-ü və 18-də iki ağır əməliyyat keçirib. Əməliyyatlardan sağ çıxsa da, sentyabrın 29-da vəfat edib.

Nicat Nəsili son illər kənd təsərrüfatı üzrə ekspert qismində çıxışlar edirdi.
Mərhumun bir qız, bir oğlan övladı yadigar qalıb.


Modern.az
saytının əməkdaşı mərhum jurnalistin həyat yoldaşı Sevinc Məmmədova ilə həmsöhbət olub.

Beləliklə, Sevinc Məmmədovanı dinləyək...


“Biz Nicatla iki bədəndə, bir can idik”


“Nicat elə bir həyat tərzi keçirirdi ki, istər qidalanması, istər idmanı hər zaman qaydasında olub. Nicat hər zaman özünə şəxsi sağlamlıq baxımdan diqqət edib.

Biz onda belə bir xəstəliyin olduğunu bu ilin avqust ayında bildik. O zamana qədər səhhəti ilə bağlı şikayəti olmayıb.

Belə çarəsiz xəstəliyə niyə, necə mübtəla olduğu hələ də bizi düşündürür. Səbəbini bilmədiyimiz üçün Allahın təqdiri ilə, qismətlə əlaqələndiririk.

Türkiyədə müalicə alan zaman həkimi dedi ki, bu xəstəlik Nicatda əvvəldən olub. Sadəcə özünü büruzə verməyib. Amma koronavirus təsirləri, vaksin olunmağı bu xəstəliyi qıcıqlandıra bilər. Yenə də deyə bilərəm ki, qismətdi”.


“Bir ümidlə Türkiyəyə getmişdik”

“Nicatın xəstəliyi özünü büruzə verəndə qrip kimi başladı. Elə bildik ki, koronavirusdur. Daha sonra təhlillər etdik, analizlər verdik, koronavirus çıxmadı. Günlər keçdikcə daha da pisləşirdi, sağ tərəfi keyiyirdi.

Nə qədər araşdırmadan sonra ən sonda bildik ki, başında bədxassəli şiş var. O zaman burdakı həkimlər bunun çarəsinin olmadığını dedilər.

İnsan sevdiyi şəxsi itirməmək üçün əlindən gələcək ən kiçik carəni belə ümid hesab edir. Biz də bir ümidlə Nicatı Türkiyəyə apardıq. Dedilər ki, cavandı bəlkə orda kömək edə bilərlər. Amma heç bir qüvvə Nicatın qismətinə yazılanı silə bilmədi”.


“Onunla mən həmyoldaş olmuşuq”

“Biz Nicatla bir yerdə oxumuşuq. Özüm filologiya üzrə fəlsəfə doktoruyam. Bir zamanlar bir yerdə çalışmışıq. Hazırda müəyyən səbəblərə görə məktəbdə müəllimə işləyirəm”.


“Nicatın birinci arzusu insan olmaq, ikinci isə torpaqları azad görmək idi”


“Onun ən böyük arzusu insan olmaq idi. Və eyni zamanda Şuşanı, Cəbrayılı, Füzulini və bütün Azərbaycan torpaqlarını azad görmək… Şükürlər olsun ki, Nicat bu arzusuna ölmədən öncə çatdı. Gedib Şuşanı, Cəbrayılı öz doğma dədə-baba yurdunu gördü.

Nicat insanlığı sevirdi, yaxşılıq etməyi, həmişə qarşısındakına xoş münasibət bəsləməyə çalışırdı. Mən həyat yoldaşı olaraq düşünürəm ki, onun kimi mədəni, savadlı, peşəkar biri bir də dünyaya gələcəkmi?

İki övladımız var: Məhəmmədəmin, Əminəyaqub. Hər bir valideyin kimi Nicatın da övladları ilə bağlı arzuları var idi. İstəyirdi ki, övladları ali savadlı, hər şeyin yerini bilən, insan adam olsunlar.

Nicat Azərbaycanı çox sevirdi. İstəyirdi ki, cəmiyyətə yararlı vətəndaş olsun. Bəlkə də danışdıqlarım sizə yalan gələ bilər. Amma mən bunları Nicatın həyat yoldaşı kimi yox, qıraqdan onu müşahidə edən bir şəxs kimi danışıram”.


“Mən Nicatdan sonra onun dostunun olmadığını başa düşdüm”



“Açıq danışırqsa, deyə bilərəm ki, dost-tanışlarından heç biri onunla maraqlanmayıb. Mən indi bilirəm ki, Nicatın dostu yox imiş. Sözgəlişi çox adam “mən burdayam, nə olsa deyərsiniz” söyləyə bilər. Nicat rəhmətə getdiyi gün dostlarından nə gördümsə, həmin gün gördüm. Sonra heç biri bizimlə maraqlanmadı.

Amma hər birinə yenə də “çox sağ olun” deyirəm. Biz heç vaxt kimsədən nəsə gözləməmişik, ummamışıq. Şükürlər olsun ki, Nicat hər şeyi qaydasında qoyub gedib.

Nicatı itirdikdən sonra mənəvi çətinliklərimiz çoxdur. Bunu ovutmaq üçün bizə zaman lazımdı. Amma maddi çətinlik olmayıb. Biz həyatda heç zaman maddini çətinlik saymamışıq. Biz Nicatla həyatı tamam fərqli istiqamətdə bölüşmüşük. Kirayədə qalıb, oxuya-oxuya keçirdiyimiz günlər olub. Biz bir yerdə olduğumuz üçün çətinlikləri elə-belə saymışıq. Bizim öz idealımız ancaq insanın həyatda düzgün necə yaşamağı idi.

Övladlarım Nicatdan sonra çox çətin günlər yaşadılar. Stressə düşdülər, əsəb pozğunluğu yaşadılar. Mən özüm indi də onun yoxluğunu qəbul edə bilmirəm. Elə düşünürəm ki, harasa uzaq səfərə gedib. Hər axşam yolunu gözləyirəm”.


“İçimdə bir ümid onun yenidən qaydacağını deyir”

“Onunla bir-birimizə çox bağlı olmuşuq. Hər Nicatdan danışanda o yanımdaymış, məni izləyirmiş kimi danışıram. Düşünürəm ki, o olanda necə idisə, indi də hər şey elə olmalıdı. İçimdə bir ümid onun yenidən qayıdacağını deyir.

Uşaqlar da mənim kimi... Övladlarımız da ata yoxluğunu qəbul etmir. Biz ailədə elə bir vəziyyət yaratmışdıq ki, uşaqlarımız hansımız olmasaq yoxluğumuzu hiss etməyəcəklər.  

Bəzi şeyləri içlərində yaşayırlar, bildirmirlər. Amma inanıram ki, onlar atalarının gələcəkdə başını hər zaman uca edəcəklər”.


“Nicatın mənə münasibəti haqda danışmağa vaxt çatmaz”



“Nicat həyat yoldaşı kimi mənim başımın tacı idi. Mənə həyat yoldaşı yox, dost, ata, qardaş olmuşdu. Azərbaycan kişisinə xas olan bütün xasiyyətlər onda var idi. Bir qadın olaraq çox xoşbəxt idim ki, onun kimi insanla ailə həyatı qurmuşam. Biz onunla bir-birimizi tamamlayırdıq.

Nicatın da, mənim də valideyinlərimiz rəhmətə gedib. Biz bir-birimizi tanıyandan sonra həm ata, həm nənə-baba, bir sözlə, hər şey olmuşuq. Valideynlərimiz arasında həmişə yaxşı münasibət olub.

Nicat Türkiyədə olanda dua edirdim ki, eybi yox bir ayağı olmasın, bir gözü olmasın, amma nəfəsi üstümüzdə olsun. Özü isə o vəziyyətdə olmağı istəmirdi. Deyirdi ki, buna dözə bilmərəm. Allah da mənim yox, Nicatın duasını eşitdi”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər