“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri Bakı şəhəri ilə yanaşı regionlarda da davam etdirir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.
2012-ci ili 11 ayı ərzində “Birləşmiş Sukanal” MMC-nin xidmət göstərdiyi ərazilərdə əhaliyə normal və keyfiyyətli içməli suyun verilməsi, köhnəlmiş avadanlıqların, su və kanalizasiya xətlərinin dəyişdirilməsi məqsədilə bir sıra tədbirlər görülüb.
Oğuz rayonunun Bayan, Bucaq, Kərimli və Xaçmaz kəndlərində 15,9 km uzunluğunda paylayıcı su xətləri çəkilib, 13,2 km uzunluğunda Balaşum-Böyük Söyüdlü magistral su xətləri istismara verilibdir. Rayonun Baş Daşağıl kəndində içməli su problemini həll etmək məqsədi ilə 3,7 km uzunluğunda su xətti çəkilib, 100 kubmetr tutumu olan su anbarı inşa edilib.
Cəbhəyanı rayonlar olan Ağdamın Şükürağalı, Kolqışlaq və Mirəşelli, Tərtərin Qapanlı və Qazyan, eləcə də Füzuli rayonunun Alxanlı kəndlərində müxtəlif diametrli borularla 27 km uzunluğunda su xətti çəkilib, 2 subartezian quyusu qazılaraq hər birinin həcmi 25 kubmetr olan 6 su çəni quraşdırılıb.
Bununla yanaşı Zaqatala rayonunun Danaçı, Salyan rayonunun Xıdırlı, Xızı rayonunun Şurabad və Türkoba, Şabran rayonunun Gilavar, Gədəbəy rayonunun Pərizamanlı kəndində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə layihələr həyata keçirilibdir. Ümumilikdə 9 rayonun 30-dan çox kəndində 200 km-dək su, 3 km kanalizasiya xətti çəkilib, 23 ədəd subartezian quyusu qazılmış və istismara verilib. Bununla yanaşı, 226 dəst siyirtmə, 14 ədəd müxtəlif tipli elektrik mühərrikləri, 116 dəst müxtəlif tipli su nasosları quraşdırılıb. Görülmüş tədbirlər nəticəsində 32 mindən artıq insanın su təchizatı yaxşılaşıbdır.
Qeyd edək ki, “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC 354 kənd və qəsəbəyə xidmət göstərir.
Modern.az