Bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla birgə görüşü keçirildi. Konstruktiv mühitdə keçən görüşdə Azərbaycan üçün bir sıra önəmli məsələlər müzakirə olundu.
Brüssel görüşü nəinki Soçi görüşünün kölgəsində qaldı, əksinə, daha çox müzakirələrə yol açdı.
Maraqlıdır, bundan sonra proseslər necə cərəyan edəcək?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Modern.az-a açıqlamasında bildirib ki, Brüssel görüşlərindən sonra hələ ciddi addım atılmayıb.
Onun sözlərinə görə, sadəcə regionda bir az sabitlik var.
“Biz 10 diversant, onlar isə 2 hərbiçimizi geri qaytardı. Sərhəddə hələ gərginlik yoxdu. Bunu müsbət qiymətləndirsək də, irəliləyiş yoxdur”.
E.Şahinoğlu bildirib ki, sərhədlərin müəyyinləşməsi ilə bağlı komissiya yaradılmayıb.
“Kommunikasya xətlərinin açılması ilə bağlı hələ addım atılmayıb. Düzdü, asan məsələ deyil. Bu istiqamətdə işlər getməlidir. Brüssel görüşlərindən sonra sanki məsələlər bir qədər dondurulub. Amma hər halda qarşıdurma, itkilər yoxdur. Növbəti danışıqlar mərhələsini gözləməliyik”.
Türkiyənin regionda müxtəlif təşəbbüsləri olduğunu bildirən ekspert qeyd edib ki, artıq sözügedən ölkənin Ermənistan üzrə təmsilçisi təyin olunub.
“Danışıqlar başlayacaq. “3+3” formatında Ankarada görüş keçiriləcək. Hadisələr bu istiqamətdə cərəyan edir”.
Politoloq Tural İsmayılov bildirib ki,Brüssel görüşündən sonra regionda münasibətlər tənzimlənməyə doğru davam edəcək:
“Çünki indiyə qədər sülhə qarşılıqlı etimad mühitinin yaranması ilə bağlı Azərbaycan dəfələrlə müraciət etsə də, təəssüflər olsun ki, Ermənistan öz təxribatları ilə sülhün yaranmasına süni maneələr törədirdi. Soçi görüşündən sonra Paşinyanın yeganə ümidi bu görüş idi. Lakin Avropa İttifaqı bu məsələdə əvvəlki dönəmlərdən fərqli olaraq kifayət qədər obyektiv davrandı. Azərbaycan diqtə etdiyi məsələlərin Soçi bəyannaməsinin davamı olaraq dərhal yerinə yetirilməsinin tərəfdarı olduğunu bildirdi. Bundan sonra özəlliklə Birinci Qarabağ Müharibəsi dövründə əsir və itkin düşmüş dörd minə yaxın azərbaycanlı vətəndaşın taleyi ilə bağlı Ermənistan tərəfindən Azərbaycana rəsmi məlumat verilməlidir. Çünki Brüssel bəyanatında bu məsələ xüsusi vurğulanıb. Eyni zamanda, sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı Aİ-nin də qərarları olduğuna görə Ermənistan bu məsələ üzərində hansısa hiylələr etməli deyil. Kommunikasiyaların açılması ilə bağlı da düşünürəm ki, vaxt uzanmayacaq. Avropa Şurasının maraqlarını özündə ehtiva edən iqtisadi layihənin reallaşmasına tezliklə başlanacaq. Amma bir Brüssel görüşü ilə Ermənistanın təxribatlarının dayanacağını gözləmək sadəlövlük olardı. Biz hər zaman Ermənistanın planlarına hazır olmalıyıq. Lakin bir müddət cəbhə xəttində Ermənistanın təxribatları baş verməyəcək”.
Nigar Adil
Aysel Məhərrəm