“1919-cu il dekabrın 22-si Azərbaycanda Jurnalistlər günü elan olunub və hətta həmin gün keçirilib”. Bunu Modern.az saytına açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib. Baş redaktor bildirib ki, mətbuatla bağlı arxivdə işləyən zaman 1919-cu ildə çap olunmuş “Jurnalist” qəzetinə rast gəlib.
“Bu qəzet Bakı Jurnalistlər və Yazıçılar Birliyinin orqanı olub. Rus dilində böyük formatda çıxan bu qəzetin bir sayı çap işıq üzü görüb. Həmən qəzetdə elanlar və yazılardan başqa, hər il dekabrın 22-nin Azərbaycanda Jurnalist günü kimi qeyd olunması haqqında yazılar və informasiyalar var. Hətta həmin gün Bakı Jurnalistlər və Yazıçılar Birliyi tədbir keçirib, qala-konsert olub. Həmin qala-konsertdə fransız, Azərbaycan, rus, italyan və Ukrayna artistləri iştirak edib. Bu konsertdən yığılan vəsait həmin dövrdə kimsəsiz və sosial problemi, qayğıya ehtiyacı olan ağsaqqal jurnalistlərə ianə kimi verilib. Hər il dekabrın 22-nin Azərbaycanda Jurnalist günü kimi keçirilməsi ilə bağlı qərar olub. Təbii ki, Cümhuriyyətin devrilməsindən sonra jurnalistlər gününün keçirilməsi məsələsi baş tutmayıb və arxivə atılıb. Bu məsələ gündəmdə olan bir məsələdir”.
Niyə məhz dekabr ayının seçilməsinə gəlincə, A.Aşırlı 1919-cu ilin oktyabr ayında Azərbaycanda mətbuat nizamnaməsinin qəbul olunduğunu deyib.
“Həmin nizamnamənin 2 fəsli var. Orada nəzərdə tutulub ki, hər kəs Azərbaycanda qəzet təsis edə bilər. Təbii ki, müəyyən yaş həddində və müəyyən təhsili olan insanlar qəzet təsis edə və mətbəə yarada bilərdi. Bir növ, Azərbaycanda azad sözün, demokratik mətbuatın inkişafı üçün lazım olan bütün şərtlər və qaydalar həmin qanunda öz əksini tapıb. Nizamnamənin qəbulundan sonra Azərbaycanda müxtəlif etnik mənsubiyyətə malik olan jurnalistlər bir araya gəliblər. Belə hesab ediblər ki, artıq nizamnamə dünyada mətbuat, söz azadlığının bir təzahürüdür. Onlar Azərbaycanda da bir birlik yaratmaq haqqında fikirləşiblər. Beləliklə noyabr ayında təsis qurultayı keçiriblər. Həmin qurultayda Bakı Jurnalistlər və Yazıçılar Birliyi təsis olunub. Təsis olunandan sonra həmin qurum qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərib. Azərbaycanda mətbəəçilik işi və peşəkarlıqla bağlı yaşlı jurnalistlərə qayğı ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib. Hələ Azərbaycanda bu birliyin fəaliyyəti araşdırılmayıb”.
A.Aşırlı yenidən arxiv sənədlərini araşdırmaq və həmin sənədləri əldə etmək fikrində olduğunu deyib. Baş redaktor bildirib ki, həmin qurumda qərar qəbul olunub ki, bir gün heç olmasa Azərbaycanda Jurnalist günü elan olunsun.
“Onlar bu gün kimi dekabrın 22-ni götürüblər və həmin gün Bakı Jurnalistlər və Yazıçılar Birliyinin qərarı ilə qəbul olunub. Bu qurumun sədri Umanski, sədrin müavini isə Xəlil İbrahim olub. Xəlil İbrahim Azərbaycanda çox peşəkar və uzun müddət milli mətbuatımızda fəal şəkildə çalışan bir şəxs olub. Bir müddət “Azərbaycan” qəzetində müxbir və baş redaktor işləyib. Həmin qurumun xəzinədarı da olub. Bundan başqa, Üzeyir Hacəbəyli də Bakı Jurnalistlər və Yazıçılar Birliyinin üzvü idi. Azərbaycanda olan, fəaliyyət göstərən peşəkar jurnalistlər həmin qurumda təmsil olunub. Onlar üzvlük haqqı veriblər və tədbirlər keçiriblər. Bu tədbirlərin biri də ondan ibarət olub ki, Azərbaycanda bir gün jurnalist günü elan olunsun. İndi niyə iyul ayının 22-ni götürməyiblər, bu başqa bir mövzudur. Onların düşüncələrinin nədən ibarət olduğunu, niyə “Əkinçi” qəzetini götürmədiklərini deyə bilmərəm”.
Baş redaktor “Əkinçi” qəzetinin milli mətbuatın əsası olduğunu bildirib. Onun sözlərinə görə, bu qəzetlə həm milli mətbuatımız, həm də milli jurnalistika sistemimiz yarandı.
“O zaman Bakı çoxmillətli, milli-etnik baxımdan zəngin olduğu üçün, görünür bu baxımdan “Əkinçi” qəzetinin yaranışını götürməyiblər. Orada müxtəlif millətlərdən-yəhudilər, gürcülər, polşalılar və başqa millətlərə mənsub olan jurnalistlər toplaşıbmış. Təkcə Azərbaycan jurnalistləri orada təmsil olunmayıb. Amma Azərbaycan jurnalistləri aparıcılıq ediblər. İndi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin “Jurnalist” qəzeti var. Qəribədir ki, bu qəzetin yaranış tarixi 1930-cu ilə aid olunur. Əslində, “Jurnalist” qəzeti 1919-cu ildə çıxıb və bir sayı işıq üzü görüb. Böyük formatda olan qəzetin qiyməti 5 manat olub. Özümdə həmin qəzetin nüsxəsi var. Bu qəzetdə jurnalistikanın janrları ilə bağlı yazılar olub. Məsələn, qəzetdə felyetonun yaranışı ilə bağlı məlumatlar verilib. Bu janrın əsasında nələr dayanır, harada yaranıb, ilk dəfə neçənci ildə və s. Jurnalistikanın janrlarına söykənən yazılarla yanaşı, şeirlər və Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı yazılar dərc olunub. Hətta qəzetdə qocaman jurnalistlərin həyatı ilə bağlı yazılar var. Həmin jurnalistlər etnik baxımdan azərbaycanlı olmasalar da, Azərbaycanda yaşamış jurnalistlər olublar”.
Anar Kəlbiyev