Modern.az

2021-ci ilin qalmaqallı HADİSƏLƏRİ - Həbslər, qəfil ölümlər, intim görüntülər...

2021-ci ilin qalmaqallı HADİSƏLƏRİ - Həbslər, qəfil ölümlər, intim görüntülər...

23 Dekabr 2021, 08:52

2022-ci ilin astanasındayıq. Geridə qoyacağımız “öküz ili” ölkə ictimaiyyəti üçün sakit keçdi deyə bilmərik. Gözlənilməz həbslər, bəzi məmurların yayımlanan videoları 2021-i “rəngarəng” etdi. Sosial şəbəkələrdə yayılan və geniş müzakirə olunan videogörüntülər sayəsində məmurlar illərdi əyləşdikləri isti kresloları ilə vidalaşdılar. “Öküz ili” həm də bu cür videoları ilə tarixə düşən məmurlar üçün uğursuz il oldu.


Modern.az
saytı “öküz ili”nin qalmaqallı hadisələrindən bir neçəsini təqdim edir:


2021-ci yanvarın 28-də Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun vəzifəsindən azad edilməsi xəbərinə çoxları inanmasa da, bu fakt idi. Adı nazirliyin rəsmi saytının struktur bölməsindən çıxarılan generalın hələ əvvəllər də vəzifəsindən azad olunması ilə bağlı şayiələr yayılmışdı. Amma budəfəki xəbər şayiə olmadı.


2021 -ci ilin arzuedilən daha bir xəbəri Səhiyyə Nazirliyindən gəldi. 16 il bu sahəyə rəhbərlik edən Oqtay Şirəliyev insanların yaddaşında “səssiz nazir” kimi qalacaq. Koronavirusla bağlı vacib bir məqamda onun səssizliyi zamanla vətəndaşların qəzəbinə səbəb olmuşdu.


Sabiq deputat Hüseynbala Mirələmovun iş otağında yayılan videogörüntüsü qısa zamanda sürətlə sosial şəbəkələrdə yayıldı. Videogörüntü yayılan kimi sabiq deputat tutduğu bütün vəzifələrindən azad edildi. Bir müddət keçəndən sonra isə  həmin görüntülərin bəzi internet platformalarından silindiyi məlum oldu.


Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov da intim videosu yayılan vəzifəli şəxslər sırasında xatırlanacaq. Videodanışıq zamanı ekran görüntüsünün qeydə alındığından xəbəri olmayan 67 yaşlı sədrin qeyri-etik görüntüləri uzun zaman müzakirə olundu. 


Cari ilin may ayında 10 illik vəzifəsindən azad edilən “Azərsu” ASC-yə rəhbərlik edən Qorxmaz Hüseynov öz dəbdəbəli malikanəsi ilə gündəmə gələrək, vəzifəsindən azad edildi.


Adı bir neçə qalmaqalda hallanan Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini 57 yaşlı Xalidə Bayramova 4 başçını yola saldıqdan sonra 2021 -ci ilin may ayında tutduğu vəzifədən uzaqlaşdırıldı. 14 il Səbail rayonunda ən önəmli vəzifələrində olan xanım məmurun adı 3 il əvvəl 162 saylı məktəbin 14 yaşlı şagirdi Elina Hacıyevanın intiharında hallanırdı.


İkinci Qarabağ Müharibəsindən sonra Birinci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənovun da vəzifəsindən azad edilməsi xəbəri rəsmi təsdiqlənməsə də, geniş müzakirə yaratdı. H.Həsənovun Vətən müharibəsindəki Zəfərdən sonra ilk Silahlı Qüvvələr günündə təltif edilən hərbçilər, generallar arasında adı çəkilməməsi də şayiələrə zəmin yaratdı.


Deputatlar, məmurlar təkcə intim görüntüləri ilə deyil, həm də qollarının və vəzifələrinin gücündən istifadə etməsi ilə də xatırlanır. Belə ki, iyulun 29-da deputat Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək, xəsarət yetirməsi ilə “unudulmaz” oldu. 2015-ci ildən Milli Məclisin deputatı olan E.Səlimov barəsində həbs-qətimkan tədbiri seçilib.


Həbs həyatı yaşayan daha bir məmur isə Vüqar Səfərlidir. Uzun müddət KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru vəzifəsini icra edən V.Səfərliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsi zamanı aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açıldı. O, bu günlərdə 10 il 6 ay  müddətinə azadlıqdan məhrum edildi.


2018 -ci ildə vəzifəsindən azad edilsə də, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 2021 -ci ilin ilk aylarında həbs olundu. Hüquq-mühafizə orqanları tərəfindən ciddi korrupsiya faktları ilə bağlı saxlanılan Müslümovun istintaqı hələ də davam edir. O, Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə haqqında  həbs qətimkan tədbiri seçilib.


Bir müddət həbs həyatı yaşayan Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rafael Cəbrayılov da 2021-ci ildə qalmaqalı şəxs kimi yadda qaldı. Onun  öz qulluq mövqeyindən istifadə edərək külli miqdarda ziyan vurmaqla dələduzluq törətməsi və digər faktlar üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi. Həbsdəykən koronavirusa yoluxan sabiq deputat sentyabrın 20-də müalicə olunduğu "Yeni Klinika"da dünyasını dəyişdi.


“Formula -1” idman yarışmasının Azərbaycana gətirməsi ilə xatırlanan gənclər və idman naziri Azad Rəhimov 2021-ci ilin aprelin 30-da ABŞ-da müalicə aldığı xəstəxanada, 57 yaşında dünyasını dəyişdi. O, ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə alırdı.


Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu şəhid oldu, 10  hərbi qulluqçusu isə yaralandı.

Eyni ayda, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğradı. Qəza zamanı 14 hərbi qulluqçu şəhid oldu, 2 nəfər yaralandı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?