Azərbaycan Prezidenti İlham Əliyev “2022-ci ilin dövlət büdcəsi haqqında” Qanunu təsdiqləyib. Qanuna əsasən 2022-ci il dövlət büdcəsinin gəlirləri 26 816 000,0 min manat, xərcləri 29 879 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 25 868 444,0 min manat, yerli gəlirləri 947 556,0 min manat, mərkəzləşdirilmiş xərcləri 28 893 988,0 min manat, yerli xərcləri 985 012,0 min manat) məbləğində təsdiq edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a açıqlamasında bunu müstəqillik illərininin milli valyuta ifadəsində ən böyük büdcəsinin təsdiqi kimi dəyərləndirib.
Onun sözlərinə görə, gələn il Azərbaycanda dövlət büdcəsindən 30 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur:
“2022-ci ildə, eyni zamanda, ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 45 faizdən çox olacaq. Büdcə xərclərinin 46.4 faizinin sosial istiqamətə yönəldilməsi gələn ildə də sosial təminat məsələlərinin prioritet olacağından bir daha xəbər verir. Bu gələn il yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılacağı deməkdir.
Gələn il büdcəsində mühüm məqamlardan biri də Azərbaycanda sosial xərclərin ÜDM-də payının artmasıdır. Belə ki, ölkəmizdə gələn il bu göstərici 16 faizdən çox olacaq. Bu isə hətta bir sıra İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri ilə müqayisədə daha yüksək göstəricidir. Məsələn, sosial xərclərin ÜDM-də payı Niderlanda 16.0 %, İrlandiyada 13.4 %, Koreyada 12.6 %, Çilidə 12.2 %, Türkiyədə12.0 %, Meksikada 7.5 fazidir. Qeyd edim ki, OECD ölkələri üçün orta göstərici 20 faizdir. Azərbaycan bu göstərici üzrə OECD ortalamasına yaxınlaşmaqdadır”.
Deputat qeyd edib ki, gələn il işğaldan azad olunan ərazilərimizin bərpası üçün 2.2 milyard manat vəsaitin ayrılmas proqnozlaşdırılıb:
“Bu isə o deməkdir ki, 2021 və 2022-ci illərdə Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün 4.4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu cari məzənnə ilə 2 milyard 588 milyon dollar vəsaitin ayrılması deməkdir. Təqdirəlayiq haldır ki, Azərbaycan işğaldan azad olunan ərazilərimizi hər hansı xarici borclanmaya getmədən, yalnız daxili mənbələr hesabına bərpa edir və yenidən qurur”.