Bu gün Qarabağ Azadlıq Təşkilatının Mərkəzi Qərargahında Azad Qarabağ Uğrunda Alyansın Sədrlər Şurasının növbədənkənar toplantısı keçirilib. Bu barədə Modern.az-a QAT-ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, toplantıda dekabrın 26-na təyin olunmuş Qarabağ Forumuna hazırlıq işləri ilə bağlı müzakirələr keçirilib. Forumun “Qarabağ Naminə Həmrəylik Forumu” adlandırılması qərara alınıb, Foruma təqdim olunacaq sənədin layihəsi təsdiq edilib. Foruma bütün ictimai, siyasi qüvvələrin, iqtidar, müxalifət və mərkəzçi partiyaların, KİV rəhbərlərinin QHT-lərin, ictimai xadimlərin, qaçqın və köçkünlərin, digər sosial təbəqələrin nümayəndələrinin dəvət olunması qərara alınıb. Alyans üzvləri bu gündən etibarən Foruma dəvət işlərinə başlayıblar. Toplantıda Alyansa üzv təşkilatların rəhbərləri Akif Nağı, Etimad Əsədov, Rizvan Talıbov, Firudin Məmmədov, Rövşən Əhmədli, Məmmədhəsən Həsənov, Alman Abbasov, Jalə Cəfərova, Növrəstə Yusifova və digərlərinin hazırlıq işlərinin gedişi ilə bağlı məlumatları dinlənilib və uyğun qərarlar qəbul olunub.
Qeyd edilib ki, forumun keçirilməsində məqsəd Qarabağ məsələsinin tezliklə həll olunmasına dair müzakirələrin aparılması, cəmiyyətin vahid mövqedən çıxış etməsi, dünya azərbaycanlılarının həmrəylik nümayiş etdirməsidir.
Modern.az