Modern.az

Müsavat Partiyası seçki hazırlığına başladı

Müsavat Partiyası seçki hazırlığına başladı

17 Dekabr 2012, 19:42

Bu gün Müsavat Partiyası Divanının  toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, müzakirələrdən öncə Müsavat Partiyasının Divan üzvü Qubad İbadoğlu Budapeşt səfəri ilə bağlı məlumat verib.

Daha sonra Müsavat Partiyasının həbsdə olan Məclis üzvü Nigar Yaqublunun məhkəmə prosesinə dair məlumatlar dinlənilib. Divan N.Yaqublunun məhkəmə prosesini diqqətdə saxlayacağını bir daha vurgulayıb.

Partiyadaxili məsələlərin müzakirəsi zamanı növbəti zona müşavirələrinin keçirilməsinə dair təkliflər müzakirə edilib. Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin yenidən toplanması və qurultayın keçirilməsi üçün imkanların dəyərləndirilməsinə ehtiyac olduğu bildirilib.

Divanda həmçinin partiyanın 2013-cü ilə dair fəaliyyət planının Müsavat Partiyasının Məclisinə təqdim olunması ilə bağlı qərar qəbul edilib. Bildirilib ki, sözügedən fəaliyyət planında əsas hədəf prezident seçkilərinə hazırlıq və  bu müstəvidə ölkədə  köklü demokratik dəyişikliklərə nail olmaqdır.

İctimai-siyasi duruma dair bölümdə İctimai Palatanın Koordinasiya Şurasında aparılan müzakirələr barədə məlumat verilib.

Divanda Avropa İnsan Haqları Məhkəməsinin 2003-cü ilin 16 oktyabr hadisələri zamanı qanunsuz olaraq həbs olunan və işgəncələrə məruz qalan insanların xeyrinə  gec də olsa çıxardığı qərarlar müzakirə olunub. Bildirilib ki, barəsində qərar verilən 10 nəfərdən 2-si vətəndaş cəmiyyətinin nümayəndələri, digər 8-i Müsavat Partiyasının üzvləridir. Divan  Avropa İnsan Haqları Məhkəməsinin bu qərarlarının önəmini qeyd edib və  müsbət qiymətləndirib.

Ayrıca  Divan şikayətləri yerli və beynəlxalq məhkəməyə çıxaran vəkillərə - İntiqam Əliyev,  Osman Kazımov, Səməd Pənahov(rəhmətə gedib) Yavər Hüseyn, Namizəd Səfərov xüsusən bu qrupla bağlı işi başa çatdıran Əsabəli Mustafayev  və digər vəkillərə təşəkkürünü bildirib.

Daha sonra Suriyada gedən proseslər müzakirə olunub. Bildirilib ki, Müsavat Partiyasının Suriya müxalifətini Suriyada yeganə qanuni hökumət kimi tanımasına dair bəyanatı müsbət əks-səda verib. Divan həmçinin Azərbaycan hakimiyyətinin bu məsələ ilə bağlı  hələ də mövqe bildirmədiyini diqqətə çatdırıb.

Anar

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu