Modern.az

Zorən turist...

Zorən turist...

27 Dekabr 2021, 10:18

Feysbukda vaxt öldürənlərə ömürlərinə qənim kəsilənlər kimi baxırdı. O vaxtın qiymətini yaxşı bilirdi. Ucqar bir dağ kəndində müəllim işləməklə gün-güzəran qurmaq istəyən, üç balanın gələcəyini düşünərək məhz bura üz tutan müəllimin ən böyük arzusu doğulduğu kənddən çox-çox uzaqlarda olan bu kəndin bütün balalarına təkcə oxumağı, yazmağı öyrətmək deyildi, həm də onları xoşbəxt görmək idi. Zamanın bəd gəldiyini o hamıdan yaxşı dərk edirdi. Hər səhər 5-7 nəfərin nəfəsinə qızınan sinif otaqlarını hər gün dolu görmək istəyi hələ ki, xəyal olaraq qalırdı. Uşaqları məktəbə göndərin desə də ehtiyacın üzlərindəki təbəssümü boyun əydirdiyi insanların gözünə baxmağa çəkinirdi. Axı uşaqlar bu yaşda işləməz ki, uşaq əməyi istismar edilməz. Bu ütülü sözləri o, televiziyadan çox eşitmişdi, bəli, məhz o. Bu kənddə bəlkə də heç kim televizora baxmırdı...


Bayram tətili yorğunluğunu çıxarmaq üçün lap göydəndüşmə oldu. Həyat yoldaşının noutbukunda dünya ədəbiyyatından seçmə əsərlərin adını yazıb onların elektron variantını axtardı. Kompüterə xeyli elektron kitab yüklədi. Oxumaq onunçün istirahət idi...


Beynindən nə keçdisə feysbukdakı profilini qurtdalamağa başladı. Gələnləri saf-çürük edəndə: “Siz Türkiyəyə tətil kupunu qazanmısınız” mesajını birnəfəsə oxudu. Sevincindən ürəyi az qaldı ki, yerindən qopsun. Bu yaşa çatmışdı, ancaq bircə kərə olsun Biləcəridən o yana keçməmişdi…


Bəlkə də yaşıdlarının çoxu İranı, Türkiyəni, elə Gürcüstanın özünü su yoluna döndərib. O isə...


Yenə də xəyalı çox uzaqlara getdi.  Yadına düşdü ki, böyük bacılarına alınan paltarlar çox tez cırılırdı və köhnəlirdi. Çünki onları düz dörd qız növbə ilə geyinirdi...


Dünyanın rəngi onu idarə edənlərin ovqatı ilə üst-üstə düşür. Əgər onlar sakit və ya bir-biri ilə mehribandırlarsa, demək hələ bəşəriyyət rahat nəfəs ala bilər. İnsanların sıxıntı və ya keyf içərisində yaşamasına səbəbkar heç də təkcə Yaradan deyil, elə insan özüdür...


Mesajı dönə-dönə oxudu. İstədi ki, göstərilən əlaqə nömrəsinə zəng vurub dəqiqləşdirsin. Bəlkə səhv göndəriblər? Nə çoxdu Taclı adında adam.


Və birdən yadına düşdü ki, 5-6 ay bundan öncə turizm məkanları, dünyanın gəzməli-görməli yerləri ilə bağlı feysbukda bir turist şirkətinin keçirdiyi sorğuda iştirak etmişdi...


Əri gələnə qədər evi yığışdırıb ocağa odun atdı. Çay dəmlədi. Güzgünün qarşısına keçib özünə baxdı. Xoşladığı paltarlarından birini geyinib bəzəndi. Həyətdə uşaqların səsi gəlmirdi. Çölə çıxıb uşaqları səslədi: Ayxan, Asiman, Türkay, hardasınız? Bir də gördü ki, kirayə qaldıqları evin sahibəsi uşaqları başına yığıb onlara gicitikən ovxalayıb verir. Ətrafa yayılan təndir çörəyinin ətrini sınəsinə çəkib evdən bir-iki dilim pendir götürüb təndirin yanına gəldi.


Şər qarışmışdı. Toyuq-cücəni hinə doldurub pəyənin qapısını bağladı. Yenicə doğmuş Alagözü sağmaq üçün yerini rahatladı. İnəyin bir məməsəni balasına saxlayıb ayağa qalxdı və buzovu anasının yanına buraxdı. Qıraqdan sakitcə onlara tamaşa etməyə başladı. İlahi, dilsiz, ağızsız heyvandı. Amma gör ana şəfqətini, ana nəvazişini necə his eləyir, necə duyur...


Vurğun süfrəni hazırlayıb uşaqları da başına yığıb çörək yeyirdilər. Onlara baxıb gülümsədi və zarafatla: “Bəlkə, mən çıxım gedim atam evinə bir az dincəlim”,- dedi. Dəniz: “Onda məni də apar”,- deyib mızıldandı...


Uşaqları yatızdırandan sonra noutbuku gətirib masanın üstünə qoydu. Mesajı açdı və oxumağa başladı. “Bir neçə ay bundan öncə bir sorğuda iştirak etmişdim. Belə boş şeylərə heç vaxt baş qoşmuram. Ancaq sən demə, boş şey deylmiş. Budur bax, hədiyyə qazanmışam.”


Vurğun Taclını heç belə sevinən görməmişdi. Bəlkə də əlacı olsaydı, quş olub uçardı.  


“Taclı”,- Vurğun bu sözü elə dedi ki, elə bil dünyanın ən ağır yükünü dili ilə çəkir.


-“Bəli”.


-Televiziyadakı reklamlar, sosial şəbəkələrdəki sorğular, uduşlar hamısı boş şeylərdir. Bunu sən də yaxşı bilirsən, mən də. Vallah heç gözüm su içmir. Yadındadı, keçən il uşaqları da götürüb getdik Gədəbəyə. Nəyi pis idi. Uca dağlar, zümzüməli bulaqlar, qıjıltı ilə üzü Göyçədən bu tərəfə axan çaylar. Hə, elə yeri gəldi deyim. O Antalyadan, İzmirdən baxanda Göyçəni görə biləcəksən?


Taclı bir söz demədi. Səhər tezdən uşaqların səsinə oyanan Vurğunun qulağı oğlu Turanın sözlərini eşidəndən sonra elə bildi ki, Taclı uşaqları öyrədib. “Bəs, atam deyirdi ki, türklər bizim qardaşımızdı. Niyə bizi Türkiyəyə aparmır?”...

“Hazırlaş, sabah çıxırıq Bakıya. Gedək görək bizə nə hədiyyə ediblər. Görürəm ki, uşaqlar da Türkiyəni görmək istəyir. Elə özümüz də həsrətində olduğumuz Türkiyəni görək...”


Taclı uşaqları anasıgildə qoydu. Axşam uduş kuponunda yazılan vaxtda “İrəm palace” yazılmış iyirmi mərtəbəli göydələnin qabağında dayanıb bir xeyli tamaşa etdilər. Şəhərdən 3 il idi çıxmışdılar. Bakı tamam dəyişmişdi. İçəri keçib “Gəz, gör, sevin” turizm şirkətinin dəvətliləri olduqlarını bildirdilər. “İyirminci mərtəbə sağdan ikinci otağa yaxınlaşın”. Resepşindəki qız ağzını sürüyənə kimi ikisinin də ürəyi üzüldü...


“Size nasıl yardımcı ola biliriz”,- deyən göygöz saqqallı oğlana “Biz Türkiyədə tətil kuponu qazanmışıq”,- deyəndə elə bil ki, oğlanın gözləri böyüyüb hədəqəsindən çıxdı. “OOOO, hoş gelmişsiniz, buyurun, şu qarşıdakı odaya geçelim”...


Böyük zala oxşayırdı. İçəridə 30-40 ailə vardı. Səs-küy, hələ üstəlik də otağı başına götürmüş musiqinin səsi adamın beynini gəmirirdi.


Yer göstərdilər. İkisi də oturdu. Tərslikdən stolları düz musiqi mərkəzinin yanında idi. “Bəlkə bu musiqinin səsini bir az alasınız. Ağız deyəni qulaq eşitmir” fikri deyəsən, arıq, gözləri pişik gözünə oxşayan, ana türkcəmizdə güclə danışan qızın xoşuna getmədi. Çünki bir anlıq oyanmış vulkan kimi üzü pörtdü. Cavab belə oldu: “Müdiriyyətimiz icazə vermir.”...


Düz iki saat idi ki, burdaydılar. Şirkət özünü təqdim edirdi. (İlk təqdimat heç də ürəkaçan deyildi. Qarğabazarına oxşayırdı.)

“Sizə həm də sürprizimiz var. Əgər bir saat da səbirli olsanız, biləcəksəniz.”


Evdən gələn zəngə Taclının “Boğazını silin qızdırması düşsün” cavabı Vurğunu lap tıncıxdırdı. Bir-birinin üzünə baxdılar. Taclı: “Bəlkə sürpriz qalsın sonraya biz gedək, çünki uşaq qızdırıb, həm də məni istəyir” deyəndə şirkətin əməkdaşı, pişikgöz qızın “Uşaqdı da, keçib gedər, deməsi” laqeydlikdən başqa heç nə deyildi...


“Və sürpriz.” İkisi də dərin bir nəfəs aldı. “Siz cəmi 2100 manata bizdən beş illik istirahət paketi də qazana bilərsiniz. Yəni hər ilə bir həftə düşür. Beş il Türkiyədə istirahət etmək. Bu yalnız sizin üçündür.”...


Taclı Vurğunun üzünə baxdı. Sanki Taclının gözləri yalvarırmış kimi çığırırdı: “Bu şansı əldən qaçırmayaq”.

“İlkin ödəniş çox azdır. Cəmi 600 manat. Və sonra müqavilə bağlanılır.” Bunu da pişik göz qız dedi.

-Üstümüzdə o qədər pul hardandı. Biz müəllim ailəsiyik. Özü də ucqar dağ kəndində dərs deyirik. O qədər ehtiyac var ki...Taclı yenə Vurğunun gözlərinə baxdı. Və sakitcə şirkət nümayəndəsinə çönüb: “İlkin ödəniş yüz manat olarmı”,- dedi. “O zaman müdirimiz Alpər bəyi çağırım, görək o, nə deyir.”


Onları qarşılayan şəxs yenə də “Buyurun, nasıl yardımcı ola bilirim”i bu dəfə daha arxayın şəkildə dedi. “Öyrətmənlərə güzeşt ederiz.”...


100 manatı alıb müqaviləyə öncə o, sonra Taclı imza atdı. Hələ üstəlik, ilk müqaviləyə imza atan ailə kimi onları digər ailələr alqışladılar da...


Saat 21:30-da ordan çıxdılar. Hələ metroya bir xeyli piyada gedəcəkdilər. Birdən Vurğun: “Bəs, onlar bizə niyə çek vermədilər. Axı onlara pul verməmizlə bağlı bizə çek verilməliydi. Mənim gözüm su içmədi. Həm musiqinin səsinin elə yüksək verilməsi, həm də bəzi nüanslar onların fırıldaq olduğundan xəbər verir.”


Taclı yolboyu susdu və heç nə demədi. Günorta Vurğun turzm şirkətinə zəng vurub müqaviləyə xitam vermək istədiklərini bildirəndə xəttin o başından elə dünənki pişik göz qızın “Siz onda əlavə olaraq 215 manat çərimə ödəməlisiniz”,- deyib hədələyici bir tonla danışması artıq kələfin ucunun tapılması demək idi…


Biz çox qəribə millətik. Bəzən kimsə bizi aldadıb pulumuzu alanda və ya səmimiyyətimizdən istifadə edəndə və çox sonradan bunu anlayanda, “Əşi, cəhənnəmə ki, deyirik”. Haqlı ola-ola başımızın ağırmasını istəmirik. Bütün bunlar ya qanunları bilməməyimizdəndir, ya da ki, özümüzü əziyyətə verib mübarizə aparmırıq...


Vurğun Taclıya bir söz demədi. Yadına dostu Fərid düşdü. O, hüquqşunasdı, həm də savadlı vəkil idi. Başına gələnləri ona danışdı. Dostu ona haqlı olduğu bütün detalları açıqladı və sonda: “Sən filoloqsan, heç olmasa müqavilədəki hərif səhvlərini onların gözünə soxaydın”,-deyib gülümsədi.


“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Dövlət Xidmətinə” təcili göndərişlə məktub ünvanladı. İki saat keçməmiş ona zəng vurub məsələ ilə maraqlandılar. Hal-qəziyyəni olduğu kimi danışdı. Sonra Vergilər Nazirliyindən onu aradılar. Yanılmamışdı. İşbazlar tətil turu adı ilə insanları aldadıb pullarına sahiblənir, dövlətə bir manat da vergi vermirdilər.


Turizm şirkətindən gələn nömrəyə “Bəli”siz cavab verdi: “Eşidirəm”. “Rica edirik, bir bizə baş çəkərmisiniz?”. “Çəkərəm”...


Pişik göz qız ona elə baxırdı ki, elə bil yeddi arxa dönənini öldürmüşdü. Şirkətin müdiri gəldi və ona Sibir buzundan da soyuq bir salam verdi. Deyəsən, aidiyyatı orqanlar onları yaxşıca “incitmişdilər”…


Uşaqlar dənizdən çıxmaq istəmirdilər. Nabran lap hərdən Bodruma bənzəyir. İkisinin də bir tərəfi qumlu sahil, bir tərəfi də yaşıl meşələrdi. Amma bu, Yaradanın lütfüdür. Bəs bizlər Nabranın  Bodrum olması üçün nə etmişik?...


Günəş dənizdə batırdı. Vaxtkən kəndə qayıtmaq lazım idi. Yoxsa payı-piyada bu üfunətli qamışlıqların, qarpız-yemiş qalıqlarının arasıyla evə səhərə ancaq çatardılar. Özlərinə yox, uşaqlara yazıqları gəlirdi…

 


Hafiz Hacxalıl

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər