Modern.az

2021-in əsas sosial-iqtisadi nüansları - Bahalaşma, qiymət artımı, çətinliklər...

2021-in əsas sosial-iqtisadi nüansları - Bahalaşma, qiymət artımı, çətinliklər...

27 Dekabr 2021, 10:28

2021-ci il Azərbaycan iqtisadiyyatı, sosial aləmi üçün önəmli və yaddaqalan il oldu. Postmüharibə dövrü qazi və şəhid ailələrinə ayrılan yardımlar, ilin son ayında əhalinin sosial rifahının yaxşılaşdırılması artırılan əməkhaqları bunu deməyə əsas verir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Modern.az-a açıqlamasında bildirib ki, 2021-ci il postkonflikt mərhələnin ilk ili olduğundan, təbii olaraq daha çox həmin mərhələyə xas olan hadisə, proses və qərarlarla zəngin olub.

 

Deputat 2021-ci ilə ilk növbədə bu kontekstdən yanaşanda bir sıra önəmli hadisə və qərarları qeyd edib:

 

“Bu il yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib və Moskva bəyanatı imzalanıb. Görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişinə, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın sahmana salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub. Görüşün yekunu olaraq bölgədəki vəziyyətin inkişafına dair birgə bəyanat imzalanıb. Tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə ediblər. Yanvarın 30-da Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edildi. Bu strateji sənəddə dayanıqlığı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutuldu. İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər edib və Şuşada tarixi bəyannamə imzalandı. Müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar. Müstəsna siyasi və tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsi iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Ticarət-iqtisadi münasibətlərə gəlincə, Şuşa Bəyannaməsində milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf edirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlər də yer alır. Azad olunmuş ərazilərin ölkəmizin iqtisadiyyatına reinteqrasiyası digər iqtisadi rayonlar üzrə planlaşdırma işlərinin səmərəliliyinin artırılmasını, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasını və bu məqsədlə iqtisadi rayonların tərkibinə yenidən baxılmasını tələb edir. Bu kontekstdən iyulun 7-də Azərbaycan Respublikasının iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilmiş və 10 əvəzinə 14 İqtisadi rayon yaradıldı”.

 

 

 

Ə.Məsimli qeyd edib ki, onların arasında Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını özündə birləşdirən Qarabağ iqtisadi rayonu və Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarını əhatə edən vahid Şərqi Zəngəzur iqtisadi rayonu da var:

 

“Şərqi Zəngəzur iqtisadi rayonu Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları olan Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir. Oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər etmiş və çox mühüm strateji əhəmiyyət kəsb edən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak etdi. Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 26 noyabr 2021-ci il tarixində Soçidə görüş keçirmiş və Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlara son verən 9 noyabr 2020-ci il və regionda iqtisadiyyat və nəqliyyat əlaqələrinin açılması ilə bağlı 11 yanvar 2021-ci il bəyanatlarının icrasının gedişatını müzakirə etdilər. Tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının bütün bəndlərinin bundan sonra da ardıcıl icra edilməsinə və ciddi riayət olunması əzmində olduqlarını təsdiq ediblər. Dekabrın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Görüşdə bir sıra önəmli məsələlər müzakirə olundu. Görüşdən sonra Avropa İttifaqı Şurası Prezidentinin yaydığı açıqlamada göstərilib ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan razılaşıblar ki, Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə planlaşdırılan danışıqların başlanması kontekstində yerlərdə gərginliyin azaldılması və əlverişli atmosferin yaradılması üçün əlavə ciddi addımlar atılmalıdır. Sənədə əsasən, tərəflər arasında qarşılıqlılıq prinsipi əsasında dəmir yolu xətlərinin bərpasına dair işlərin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub. Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində götürülmüş əsas öhdəliklərin yerinə yetiriləcəyini və noyabrın 26-da Soçidə əldə olunmuş razılaşmaların yerinə yetirilməli olduğunu təsdiqləyiblər. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirib. Şarl Mişel regionda komunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında uzlaşmanı təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Hətta Aİ-nin iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi bildirib. Bütün bunlar Aİ tərəfindən təşkil olunmuş görüşdə də Azərbaycanın haqlı mövqeyinin təsbit olunduğunu göstərir”.

 

 

Ə.Məsimli bütün bunlarla yanaşı 2021-ci ildə bir sıra digər iqtisadi, sosial, beynəlxalq və sair xarakterli hadisələr də baş verdiyini bildirib:

 

““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunu təsdiq olunub. Gələn il üçün büdcə gəlirləri 26 816 milyon manat, büdcə xərcləri isə 29 879 milyon manat, kəsiri isə 3 milyard manat səviyyəsində təsdiq olunub. 2021-ci ilin dövlət büdcəsində olduğu kimi, 2022-ci ilin dövlət büdcəsində də Qarabağa Böyük Qaydışı təmin etməkdən ötrü zəruri olan tədbirlərin həyata keçirilmsinə 2,2 milyard manat vəsait ayrılıb. Eyni zamanda maliyyə tutumu 1,4 milyard olan “Sosial Paket” təsdiq olunub. İyunun 17-də ölkə xüsusi Prezident fərmanı ilə Təhsil Tələbə Kredit Fondu yaradılıb. Bu məqsdələ 2021-ci ilin büdcəsində 80 milyon manat (2022-ci ilin büdcəsində isə 22 milyon manat) vəsait nəzərdə tutulub. Təhsil Tələbə Kredit Fondu ödənişli əsaslarla təhsil alan tələbələr üçün nəzərdə tutulub. Kreditlər hər smestr üzrə veriləcək. Müraciətlər elektron qaydada həyat keçirilir. Təhsil haqqını maddi cəhətdən ödəməkdə çətinlik çəkən tələbələr bu kreditlərdən yararlana biləcəklər. Kreditin 2 növü mövcuddur: sosial tələbə krediti və standart tələbə krediti.

Ünvanlı sosial yardım alan ailələrin üzvü olan və əlillik dərəcəsi olan tələbələr sosial tələbə kredit növünə aid olan kreditlərdən istifadə edə biləcəklər. Digər tələbələr isə standart tələbə kredit növündən yararlana biləcəklər. Bütün ali təhsil və orta ixtisas təhsil müəssisələrində əyani və ödənişli təhsil alan tələbələrin bu kredit növlərindən yararlanması nəzərdə tutulub”.

 

 

Sədr müavini qeyd edib ki, yanvarın 21-də Azərbaycan hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Prezident İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib:

 

 

“Bu yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın ixrac kəmərləri vasitəsilə daşınacaq. Layihənin həm də çox böyük beynəlxalq və regional əhəmiyyəti var. Memorandumun imzalanması bölgə üçün yeni geoiqtisadi perspektivlər açacaq. Sənəd həm də Xəzər dənizi tarixində ilk dəfə olaraq iki ölkənin yatağı birgə istismar etməsi və xarici bazarlara nəql etməsi ilə yadda qalacaq. Bu layihə Azərbaycanın geoiqitsadi mövqeyini möhkəmləndirməklə yanaşı, onun tranzit və nəqliyyat əhəmiyyətini də xeyli dərəcədə gücləndirəcək. Türkmənistanın payına düşəcək neftin də Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarlarına çıxarılması mümkün ola bilər. Bu da Bakı-Tbilisi-Ceyhan boru kəmərinin rentabelliliyinin daha da artmasına, Azərbaycana əlavə tranzit gəlirlərinin gəlməsinə mühüm töhfə verəcək. Yəni bu, həm Azərbaycanın əlavə neft gəlirlərinin artmasına, həm də Azərbaycanı tranzit baxımından əsas mərkəzlərdən birinə çevirərək gəlirlərinin artmasına şərait yaradacaq. Digər tərəfdən də, hasil olunacaq təbii qaz Cənub Qaz Dəhlizi vasitəsilə dünya bazarlarına çıxarıla bilər ki, bu da öz növbəsində, Azərbaycanın təbii qaz gəlirlərinin artmasına, bu layihənin daha effektli istifadəsinə öz dəyərli töhfəsini verəcək”.

 

 

 

Ə.Məsimli 2021-ci ilin əsas iqtisadi və sosial yekunlarına gəldikdə isə ilk növbədə Azərbaycan iqtisadiyyatının pandemiya və onun törətdiyi fəsadlar səbəbi ilə 2020-ci ildə 4,3 faiz kiçildikdən sonra, 2021-ci ildə ÜDM-də 5 faizdən çox artım olduğunu qeyd edib:

“Bu ilin 11 ayında Ümumi daxili məhsul 5,3 faiz, qeyri neft-qaz ÜDM 6,4 faiz, qeyri neft-qaz sənayesi- 20,7 faiz artıb. 2020-ci ildən fərqli olaraq 2021-ci ildə qapanmalara gedilməməsi və sərt karantin tədbirlərinin tətbiq edilməməsi iqtisadi fəallığı xeyli artırıb və bir sıra sahələrin fəaliyyətinin canlanmasına şərait yaradıb. Bu da qeyri-neft sektorunda yüksək iqtisadi artımın təmin olunmasında mühüm rol oynayıb. İqtisadiyyata və əhaliyə tətbiq olunan məhdudiyyətlərin azaldılması, vaksinasiyanın genişləndirilməsi və sair bu kimi tədbirlər hesabına Azərbaycan bu il resessiyadan iqtisadi artıma keçib. Eyni zamanda qeyri-neft sahəsindəki artımın sürətlənməsi ilə yanaşı, həmin sahədə ixracının artım tempı də yüksəlib və ilk dəfə 2 milyard dollarlıq həddi keçib. Bunun bir hissəsi qiymət artımının, digər hissəsi isə bir sıra ölkələrə ixrac imkanlarının genişlnməsinin və yaranmış əlverişli şəraitdən səmərəli istifadə edilməklə ixraca yönəlik mal artımının nəticəsidir. Azərbaycanın qeyri-neft ixracının payı bir qədər artsa da, hələlik ümumi ixracımızın cəmi 12 faizini təşkil edir. 2021-ci ildə benzin, işıq, qaz, su tarifləri artırılıb. Bir tərəfdən həmin amilin, digər tərəfdən isə qlobal miqyasda qiymət artımının sürətləndirilməsi, eləcə də süni qiymət artımı nəticəsində 2021-ci ildə qiymət artımı xeyli sürətlənib. Rəsmi statistikaya görə, 2020-ci ilin yanvar-noyabr ayları 2019-сu ilin yanvar-noyabr aylarına nisbətən inflyasiya 2,8 faiz, 2021-ci ilin yanvar-noyabr ayları 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən isə 6,2, faiz olub. Əslində real inflyasiya, əhalinin daha çox işlətdiyi mal və məhsullarda, xüsusən də ərzaq mallarının qiymətlərinin artımı bunda xeyli yüksək olub. Sözügedən aylar ərzində yüksək ifflyasiya şəraitində əhalinin nominal gəlirləri 2,5 faiz, əhalinin hər nəfərinə düşən nominal gəlirlər 2,1 faiz, orta aylıq nominal əməkhaqqı isə 2,6 faiz artıb. Beləliklə, 2021-ci ilin əsas iqtisadi nəticəsi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı nisbətən qısa müddətdə resessiyadan çıxa və artım trayektoriyasına keçə bilib. Bir il ərzində İşğaldan azad edilmiş ərazilərdə işıq, qaz, su və s. ilə təchiat, yolların çəkilməsi, bərpa-yenidənqurma sahəsində xeyli iş görülüb. Aidiyyatı dövlər strukturları ilə yanaşı, bir sıra özəl şirktlər, eləcə də bir sıra dost və partnyor ölkələrin şirkətləri Qarabağdakı bərpa və quruculuq işlərinə cəlb olunub”.

 

 

Parlamentari bildirib ki, Azərbaycan 2021-ci ildəki geniş miqyaslı fəaliyyəti nəticəsində Brüssel görüşündə bir sıra nəticələrə nail ola bilib:

 

“Onların arasında iki məqam xüsusi əhəmiyyət kəsb edir: Birincisi, Brüsseldə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi və Zəngəzur dəhlizi məsələsi gündəmə daxil edilməklə Ermənistanın məkrli planlarının uğursuzluğa düçar olacağını əyani şəkildə ortaya qoymaqla, həmin yöndə olan təhlükələri əhəmiyyətli dərəcədə azaldır.

İkincisi, 2021-ci ildə Azərbaycanın öz strateji maraqlarını addım-addım həyata keçirməyə başlayıb. Bunun ən bariz nümunəsi özünü daha çox onda göstərir ki, Azərbaycan Avropa İttifaqının reabilitasiya, yenidənqurma proseslərinə maliyyə dəstəyi verəcəyinə nail ola bilib”.

 

Onun sözlərinə görə, 2021-ci ildə qiymət artımın templəri gəlirlərin artımının templərini xeyli üstələdiyindən, əhalinin nominal gəlirləri bir qədər artsa da, real gəlirləri aşağı düşüb:

 

 

“Yəni, əslində əhalinin xeyli hissəsinin güzəranı pisləşib. Qiymət artımı bir tərəfdən benzin, işıq, qaz, suyun tariflərinin artmasının katalizator rolu oynadığı bir şəraitdə, digər tərəfdən qlobal qiymət artımının sürətlənməsi səbəbli amillərin təsiri ilə iqtisadiyyatda gedən proseslərdən doğan inflyasiya nəticəsində, ölkə daxilində istehsal olunsa da, xammalı xaricdən gətirələn malların da qiymətində artım hesabına baş verib. Bütün bunlardan əlavə daha çox məmur sahibkarlığının törəməsi olan monopoliyanın törətdiyi əlavə qiymət artımı da baş verib. Qiymətlərin süni surətdə artırılması ucbatından belə artımın 5 faizinə görə əhali ildə 2 milyard manat ziyana düşür. Bu 2 milyard manat rəqəminin nə qədər böyük olduğunu təsəvvür etmək üçün müqayisə edək ki, o dünya bazarında neftin qiymətinin gələn il üçün proqnozlaşdırdığımız 50 dollardan 5 faiz yüksək olması hesabına Azərbaycanın büdcəsinə daxil ola biləcək vəsaitdən 2,7 dəfə çoxdur. Məmur sahibkarlığının monopolist hissəsinin hər il süni qiymət artmından orta hesabla götürdüyü qazanc bu ilin və gələn ilin büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitə yaxındır və ya gələn il əmək haqqı, pensiya və digər ödənişlərin artırılması üçün nəzərdə tutulan Sosial Paketin maliyyə tutumundan 43 faizindən çoxdur. Qiymət artımının idxal inflyasiyası ilə bağlı hissəsinin qarşısı təbii ki, alınmazdır. Amma bundan əlavə qiymətlərin həm də süni surətdə artırılması baş verir. Bu baxımdan 2021-ci ilin mənzərəsi aydın olsa da,2022-ci ilin ən böyük suallarından biri budur ki, 1,4 milyard manatlıq Sosial Paketidən 44 günlük Vətən müharibəsindən qalıb çıxmış xalq daha çox faydalacaq, yoxsa monopolist məmur zümrəsi? Ona görə də süni qiymət artımının qarşısı alınması istiqamətində təsirli tədbirlər görülməlidir ki, gələn il yanvarın 1-dən əmək haqqı, pensiya, müavinət və digər ödənilər üçün nəzərdə tutulan 1,4 milyard manatın çox hissəsinin məmur sahibkarlığının törəməsi olan monopolistlərin yaratdıqları əlavə inflyasiyanın yeminə çevrilməsin. Qlobal iqtisadi reallıqlar, eləcə də postkonflikt və postpandemiya mərhələsindəki yeni çağırışlar və qarşıya qoyulan məqsədlər “Qarabağa Böyük Qayıdış”ın potensial imkanları və digər məqamlarını da nəzərə almaqla, ölkənin milli prioritetləri ilə müəyyən olunmuş uzunmüddətli inkişaf vektorunu, əsas sosial-iqtisadi inkişaf istiqamətlərini müəyyənləşdirməklə neft amilinin dominant roluna əsaslanan iqtisadi inkişaf modelindən insan amilinin prioritet təşkil etdiyi innovasiyalı inkişaf modelinə keçidin sürətləndirilməsinə yönəlik islahatların dərinləşdirilməsi, xüsusən də struktur islahatları, institutsional dəyişikliklər, iqtisadiyyatın şaxələnmənin dərinləşməsi, iqtisadi azadlıqların genişləndirilməsi, modernləşmə və innovativ təşəbbüslərə geniş meydan verilməsi sahəsində əsaslı tədbirlərin optimal müddətdə reallaşdırılmasının təmin edilməsi obyektiv tələbata çevrilib və bu istiqamətdə işlər sürətəndirilməlidir. İdarəetmənin yeni modelin tələblərinə uyğunlaşdırılmalı, onun təşkilatı strukturunun əsaslı surətdə təkmilləşdirilməli, səmərəliliyi yüksəldilməli, iqtisadi idarəetmədə çevikliyin təmin olunmalı, o cümlədən regional idarətmənin əsaslı surətdə təkmilləşdirilməlidir”.

 

 

Deputat deyib ki, məhkəmə-hüquq sistemində başlanan islahatların genişləndirilməli, dərinləşdirilməli, sürətləndirilməsi, qanunun aliliyinin təmin edilməsi istiqamətində fundamental tədbirlər görülməlidir:

“Korrupsiya, monopoliya qarşı mübarizə gücləndirilməli, inzibati maneələrin aradan qaldırılması və məmur özbaşınalıqlarına qarşı səmərəli fəaliyyət göstərən işlək mexanizimlərin hazırlanmalı və sistemli şəkildə həyata keçirilməlidir. Şəffaflıq, hesabatlılığın, ictimai nəzarətin gücləndirilməsi və sair bu kimi istiqamətlərdə kompleks və sistemli tədbirlərin həyata keçirilməlidir. Maliyyə sistemində köklü islahatlar həyata keçirilməli, Büdcə Məcəlləsinin qəbulu tezləşdirilməsi, dövlət naliyyə nəzarətinin etibarlı və işlək mexanizmi hazırlanın həyat keçirilməlidir. Dövlət büdcəsinin ARDNF-in transfertlərindən asılılığının azaldılması istiqamətində təsirli tədbirlər görülməli, büdcə gəlirlərinin artırılmasında neftdənkənar sahələrin və alternativ mənbələrin rolu gücləndirilməlidir. Korrupsiya, kölgə iqtisadiyyatı ilə sistemli mübarizənin davam etdirilməsi və ədalətli rəqabət mühitinin dəstəklənməsi, iqtisadi fəaliyyətin səmərəlilyinin yüksəkldilməsi, daha çox gəlir gətirə, əlavə dəyər yarada bilən sahələrin inkişafının genişləndirilməsi və sair bu kimi mənbələrin büdcə gəlirlərinin rolunun artırılması istiqamətində təsirli tədbirlər görülməlidir. Yaxşı olar ki, aidiyyatı orqanlar həm də bir araşdırma da aparsın ki, kapital və əmlaka aministiya tədbirlərin həyata keçirilməsi və ondan sonra gəlir bəyannaməsinə keçidin təmin edilməsi nə qədər əlavə resurs aşkara çıxara və bunun isə dolayısı yollarla multiplikativ effekti büdcə gəlirinin artırılmasına nə qədər təsiri ola bilər? İnsan kapitalının və əmək bazarının inkişafı milli prioritetlərə uyğunlaşdırılmalıdır. Biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta biznesin inkişafının sürətləndirilmsi istiqamətində təsirli tədbirlər görülməlidir. Həmin tədbirlərin sistemli və davamlı şəkildə həyata keçirilməsi ölkəmizin iqtisadi həyatını kəmiyyət və keyfiyyətcə əsaslı surətdə yaxşılaşmasına imkan verər”.

Ə.Məsimli sonda qeyd edib ki, Azərbaycan iqtisadiyyatnın sürətli artım trayektoriyasına çıxma prosesini xeyli sürətləndirə və bu əsasda əhalinin güzəranının yaxşılaşdırımasının iqtisadi əsaslarını möhkəmləndirməsi təmin edilmiş olar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?