Modern.az

Paşinyanın ümidi Bakı ilə Ankarayadır - ŞƏRH

Paşinyanın ümidi Bakı ilə Ankarayadır - ŞƏRH

27 Dekabr 2021, 12:42

Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayımda mətbuat konfransı keçirib və bir sıra ciddi bəyanatlar verib. O qeyd edib ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti heç vaxt sırf erməni birliyi hesab edilməyib.

“Bu, ən azı əhali baxımından erməni-Azərbaycan birliyi kimi qəbul edilib, müşahidə edilib, qeydə alınıb”,-deyə,  Paşinyan xatırladıb.

Ermənistanın baş naziri həmçinin bəyan edib ki, o, əvvəlki hakimiyyətin “Qarabağ heç vaxt Azərbaycanın bir hissəsi olmayacaq və yalnız erməni olmalıdır” ifadəsi ilə heç vaxt razılaşmayıb.

Modern.az xəbər verir ki, “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Nikol Paşinyanın açıqlamalarını şərh edib.

Ekspertin sözlərirnə görə, Paşinyan Qarabağın Azərbaycana aid olduğunu deməklə qarşısında müxtəlif gücləri gördü və görəcək.

Bu sıraya Ermənistandakı radikal müxalifəti, o cümlədən “Qarabağ klanı”nı, Qarabağdakı separatçıları və müxtəlif ölkələrdəki erməni lobbisini aid etmək olar:


“Bu güclər Paşinyana qarşı biləşəcək. Belə olan halda Paşinyanı və ona dəstək verənləri nə xilas edə bilər? Paşinyan ümid edir ki, Azərbaycan və Türkiyə ilə kommunikasiya xətlərini açmaqla, iki dövlətlə münasibətləri normallaşdıracaq sazişlər imzalamaqla Ermənistanı indiki ağır siyasi, iqtisadi və sosial vəziyyətdən çıxaracaq. Başqa sözlə, Paşinyanın ümidi Bakı ilə Ankarayadır. Demək, iplər bizim əlimizdədir. Əgər Paşinyan sözdə və əməldə eyni siyasəti yürüdəcəksə, o cümlədən “Qarabağ Azərbaycana aiddir”- deməkdə davam edəcəksə, onun radikallardan qorunması ilə bağlı müvafiq addımlar atmaq məcburiyyətində qalacağıq”.


Politoloq bildirib ki, ABŞ-da konfransda iştirak edən Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da hazırda Cənubi Qafqazda fərqli vəziyyət yarandığını bu sözlərlə izah edib:

““Erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər boşa çıxdı. Yəni Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq sona çatır”. İbrahim Kalın qeyd edib ki, Türkiyə və Ermənistan əlaqələrini normallaşdırmaq üçün qarşılıqlı addımlar atırlar. Türkiyə rəsmisi normallaşmanın ən çox Ermənistanın xeyrinə olacağını vurğulayıb. O söyləyib ki, dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın təsiri altında olan Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırmasının həm siyasi, həm də iqtisadi faydaları olacaq”.


E.Şahinoğlu həmçinin qeyd edib ki, Ankara Bakı ilə birgə  Ermənistanı təxribatçı siyasətinə son qoymasına çalışır:


“Ermənistanın hazırki hökuməti Bakı və Ankara ilə dialoqa hazırdır. Bu dialoqdan istifadə edərək Ermənistanı Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımağa məcbur etmək lazımdır. Bu reallaşarsa, o biri problemləri də həll etmək mümkün olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?