Modern.az

Birand və AzTV

9 Dekabr 2021, 22:00

İbrahim Nəbioğlu

Bu gün Türkiyənin əfsanəvi qəzetçisi, köşə yazarı, televizyonçusu Mehmet Ali Birandın doğulduğu gündür.

M.A.Birandı (1941 – 2013) şöhrətinin, şanının zirvəsində tanımış, dəfələrlə görüşmüşdüm. Azərbaycana münasibəti birmənalı deyildi – Bəzən kəskin tənqid edir, bəzən də bizim həqiqətləri obyektiv şəkldə dilə gətirirdi. Ciddi nüfuzu vardı, reytinqi olduqca yüksəkdi və böyük söz sahibi idi.

Qarabağ məsələsini, onun köklərini, həssalığını yaxşı bilmirdi (Ən mükəmməl bildiyi sahə Avropa Birliyi, PKK idi). Bu səbəbdən də zaman-zaman bilmədən efirdə müəyyən təhriflərə yol verirdi. Belə olan hallarda Türkiyədəki o zamankı səfirimiz Məmməd Əliyev tez reaksiya verir, şəxsi nüfuzundan istifadə edərək təkzib göndərirdi. Birand gerçək bir professional idi, geri addım atmağı bacarırdı.

Ankarada çalışdığım illərdə dəfələrlə müsahibə almaq istədim ondan. Bütün telefon zənglərimə cavab verir, çaya, qəhvəyə dəvət edirdi. Müsahibə sözünü eşidən kimi ənənəvi olaraq “Devlet televizyonu mu, BBC mi?” sorurdu (1995-2003-cü illərdə BBC üçün də çalışırdım). “AzTV”nin adı gələndə “daha sonra” deyib boyun qaçırırdı.

Bir dəfəsində zor-bəla razı saldım onu. “Bakı-Supsa” ilə bağlı müəyyən anlaşılmazlıqlar vardı. Dedim gəlin enerji məsələləri haqda bir az danışaq. Danışdı, gözəl də müsahibə alındı. Materialı hazırlayıb göndərdim Bakıya.

4-5 gün efirə vermədilər müsahibəni. Zəng vurdum Bakıya, dedilər bu axşam verəcəyik. O axşam da vermədilər. Əsas xəbərlərdən sonra hardasa 20:15-dən 20:20-yə qədər “Salyanda abadlıq işləri davam edir” deyə uzun bir süjet verdilər – Başları rəngbərəng yaylıqlı qadınlarla üzü tüklü kişilər yol kənarındakı səkiləri boyayırdılar. 20:20-də isə buna bənzər başqa bir rayondan material getdi efirə. Amma Birandla müsahibəni vermədilər.

Bir müddət sonra Birand Moskvaya ezamiyyətə getdi. O dövrdə Türk tv-lərində ən populyar, ən reytinqli proqramlardan biri Birandın “32. Gün” proqramı idi. Mehmet Ali Bey Vladimir Putindən müsahibə aldı. Mükəmməl bir müsahibəydi, əsil Master Class idi.

Bizim televiziyanın rəhbəri zəng elədi ki, bəs bizə niyə müsahibə vermir Birand? Heç nə demədim, çalışıb görüşəcəyimi söylədim. Bir neçə gün sonra Mehmet Ali Birandla görüşüb müsahibə aldım.

Bu dəfə yayınladılar, ancaq AzTV-də deyil, BBC-də. Müsahibədə Birand Rusiyanın Qarabağ münaqişəsindəki qeyri-konstruktiv rolundan danışmışdı. O illərdə BBC-nin Qafqaz və Orta Asiya xidmətində çalışan Famil İsmaylov materialı vergülünə belə toxunmadan efirə vermişdi. Dostum, təcrübəli jurnalist, çoxunuzun “Zerkalo”dan tanıdığı Famil hələ də Londonda yaşayır, günü bu gün də BBC-də, Rus xidmətinin rəhbərlərindən biridir.

Birandla təmaslardan, onunla söhbətlərdən çox şey öyrəndim. Çıxartdığım dərs isə bu oldu ki, materialı doğru ünvana yönləndirmək lazımdır, yəni məqalə və ya tv reportajını ona dəyər verən, qiymət verən orqana vermək vacibdir. Yoxsa səkiləri əhənglə boyamaq Birandla müsahibən daha önəmli olur.

Ankarada işlədiyim 10 il boyunca AzTV ilə bərabər BBC-yə də çalışır, “Zerkalo/Ayna”, “Avrasiya”, “Panorama” qəzetlərinə köşə yazır, ANS-lə əməkdaşlıq edirdim. Birand hadisəsindən sonra material və mövzuları kanallar və qəzetlər arasında daha rasional bölüşdürməyə başladım.

Media əfsanəsi Mehmet Ali Birandı sayğı ilə anıram…

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır