Modern.az

Lənətə gəlmiş koronavirus, çıx, bu uşaqların həyatından!

15 Sentyabr 2020, 10:34

Hər zamankı kimi bu gün də saat 8-ə işləmiş evdən çıxdım. Qəfldən yadıma düşdü ki, ilk dərs günüdür. Yaxınlığından keçdiyim iki məktəbin həyətinə diqqət yetirdim. Daha məktəblər bizim vaxtlardakı, heç ötənilki məktəblər deyil. Əvvəllər məktəblər açılanda, dərslər başlayanda müəllimlərin də, valideynlərin də, şagirdlərin də üzündən hüzur yağırdı.

Hamı səbirsizliklə məktəblərin açılmasını gözləyirdi. Məktəb də, müəllim də, valideyn də, şagird də necə xoşbəxt görünürdü... Bu gün ilk dərs günü olsa da, nə məktəblər, nə müəllimlər, nə valideynlər, nə də şagirdlər sevinə bilir...
Yeni dərs ilinə görə təbrik etdiyim müəllimlərin hamısı bir az küskün, bir az incik, bir az da kövrək səslə danışdılar. Övladlarını birinci sinfə aparan dostların da heç biri “məktəb havası”nda deyildi, sanki bu əlamətdar hadisənin sevincini yaşamırdılar...

Yuxarı sinif şagirdlərinin əksəriyyəti məktəb mühitini unudub. Dostlara, qohumlara zəng vurursan, “uşaq bu gün məktəbə getməyəcək” - deyir. Onların çoxuna heç yeni məktəbli forması da alınmayıb. Hətta çoxu tezdən yuxudan durub məktəbə də hazırlaşmır.

Lənətə gəlmiş koronavirus... Hər şeyin dadını qaçırdı...

Hər şey qeyri-müəyyən, hər şey maska altında... Ən əzablı mənzərəni isə adama birincilər yaşadır. Bir-birindən iki-üç addım məsafədə dayanan fidan balaların məktəb sevinci, ilk dərs gününün səmimi təcəssümü əvvəlki birincilərin görünüşünü xatırlatmır...

Normalda onların hay-küyündən məktəb binaları titrəməliydi, qulaqlar tutulmalıydı. Nə yazıq ki, tam əks mənzərə hökm sürür... Bu görüntülər çox əzabvericidir.

Lənətə gəlmiş koronavirus... Çıx, bu uşaqların həyatından!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü