Modern.az

“Toy inqilabı”, yaxud Azərbaycan tarixində ən yaddaqalan toy

25 Avqust 2020, 09:35

Elşad Eyvazlı


Tarixi mənbələrə (daha çox nağıllara) inansaq, qədim zamanlarda bizdə bəzən 40 gün - 40 gecə toy çalınarmış… Bir yüzillik əvvəl isə toy varlı ailələrdə 7 gün-7 gecə, orta təbəqə 3 gün-3 gecə, yoxsul ailədə isə 1 gün davam edib.

Oxuduğumuz kitablara, baxdığımız filmlərə əsaslansaq, Azərbaycan tarixində ən yaddaqalan toy Prezident Adminstrasiyasının sabiq rəhbəri, akademik Ramiz Mehdiyevin qız nəvəsinin toyu oldu. Bu toy tarix yazdı. Belə də demək olar - Tarixi toy… ya da XXI əsrin toyu.

Bəlkə də zaman daha düzgün qiymətini verəcək. Çalınan bu toy xeyli tanınmış adama da “toy tutdurdu”. Toyda iştiraka görə, hakim partiyada yüksək postdan istefa vermək, cərimələnmək, qınanmaq, tənqidlərə tuş gəlmək, social şəbəkələrin, mətbuatın dilinə-dişinə düşmək, günlərlə müzakirə olunmaq və daha nələr… Bu toyun xəmiri hələ çox su aparacaq.

Akademikin qız nəvəsinin toyunu ən çox tarixiləşdirən koronavirus pandemiyası oldu. Bu tərəfdə virusdan qorunmaq üçün tətbiq edilən karantin rejimi, bu çərçivədə insanlar nəinki toy edə bilir, heç doğmalarının dəfnində, hüzr mərasimində iştirak edə bilmirlər. O biri tərəfdə isə akademik nəvəsinə toy çaldırır. Bununla da o, koronavirusa da, dövlətin qoyduğu qayda-qanuna da meydan oxuyur. Öz doğmalarının yas mərasimində iştirak edə bilməyənlərə isə gözdağı verir…

Bütün bunlar təsdiqləyir ki, uzun illər ölkədə böyük dövlət postu tutan şəxs qayda-qanuna necə meydan oxuyub, qayda-qanuna əməl edənlərə necə gözdağı verib…

İndi isə: O boyda Milli Elmlər Akademiyasının rəsmi saytı az qala şəxsi həyata xidmət edir. Bu da ölkənin elminə çalınan “toy”dur.

P.S. Azərbaycanı bu bəladan ancaq və ancaq islahatlar xilas edəcək.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?