2012-nin sonudu və artıq yeni il hazırlığı özünü göstərir. Bunu hər addımda müşahidə etmək mümkündür. Bütün dünyada olduğu kimi, Azərbaycanda da Yeni il bayramına böyük sevinclə hazırlaşanlar az deyil. Amma insanları narahat edən məsələlərdən biri bayram süfrəsi üçün lazım olan ərzağın qiymətinin bahalaşmasıdır. Belə ki, hər il bayramqabağı bahalaşan qiymətlər artıq bir ənənəyə çevrilib. Bayramda hər kəsin süfrəsini bol edəcəyini nəzərə alan alverçilər qiymətləri qaldırırlar.
Yeni il öncəsi qiymərlərlə bağlı vəziyyəti öyrənmək üçün Modern.az-ın əməkdaşları “Nəsimi” bazarında olublar. Bazardakı piştaxtalarda səliqə ilə düzülən meyvələr insana “gəl-gəl” deyir. Amma qiymətlərlə tanış olduqdan sonra biləcəyik ki, ciblərə uyğundur, ya yox. Bazarda xiyarın kilosu 2-5 manat, pomidor 2-3 manat, soğan 1 manat, kartof 60 qəpik-1 manat, portağal 2 manat, banan-2 manat 50 qəpik-3 manat, armud 3 manat, nar 2-5 manat, üzüm 3-5 manat, ananas 4 manat, narıngi 2 manat 5o qəpik qəpik-3 manat, alma 2-5 manat, gavalı 3 manat, qarpız -yemiş 2 manat 50 qəpik-3 manat, limonun ədədi 40-90 qəpiyə satılırdı. Maraqlıdır ki, Faiq adlı satıcı yalandan ya doğrudan Yeni il öncəsi qiymətlərdə endirim olacağını bildirdi. Satıcı son illər bolluq olduğu üçün bayram öncəsi endirimlərin olduğunu söylədi: “Keçən il və inişil endirim olub. Son vaxtlar bayramqabağı məhsullar bol olur. Saxlama kameralarında meyvələr olduğu üçün satışa çox çıxarılır. Əvvəllər belə şey yox idi. Keçən il bolluq oldu və bazarda qiymətlər aşağı düşdü. Bu il də yəqin elə olacaq. Əvvəl qıtlıq olurdu, meyvə az tapılırdı və bu baxımdan qiymətlər də baha olurdu. Öz təcrübəmdən deyirəm ki, son bir neçə ildə belə deyil”. Digər satıcı Nicat hər bir meyvənin keyfiyyətinə görə qiymətinin də fərqləndiyini dedi. Onun sözlərinə görə, meyvələr həm yerlidir, həm də xarici. “Elə mal var ki, 50 qəpik, digər biri isə 5 manatdır. Baxır həmin meyvənin keyfiyyətinə. Yaxşının da yaxşı qiyməti var. Satışda olan meyvələr ölkəmizdə əsasən Lənkəran, Quba, Göyçay və Sabirabadda yetişdirilir. Xarici ölkələrdən daha çox giləmeyvələr gətirilir. İran, Türkiyə, Dubay, Argentina və başqa ölkələrdən meyvə gətirilir”. Çərəz satıcısı bildirib ki, qara kişmiş və digər bir neçə çərəzin qiymətində artım var. Bu da qıtlıqla əlaqədardır. Satıcı bunun bayramla əlaqədar olmadığını söylədi “Çərəzlər əsasən Zaqatala və Ordubaddan gətirilir. Xarici ölkələrdən isə ən çox Türkiyədən idxal olunur. Bundan başqa, Özbəkistandan və bir az miqdarda İrandan çərəz gətirilir. Alıcılar əsasən ərik və qara kişmişə üstünlük verirlər. Bir də müalicəvi hansıdırsa, əsasən onlar satılır”.Bazarda satılanlardan müəyyən qədər sizə məlumat verə bildik. İndi özünüz deyə bilərsiz bu qiymətlər “cibə” uyğundur, ya yox.
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Anar Kəlbiyev
Foto: Elçin Ağayev