21 dekabr tarixində dünyanın dağılması haqda yayılan xəbərlərdən sonra bir çox tanınmış insanlar canlarını qurtarmaq üçün Türkiyənin Şirincə kəndinə üz tutub. Bu həm dünya, həm də Azərbaycan mətbuatının diqqətindən yayınmayıb. Belə ki, Lent.az saytının müxbiri Səbuhi Məmmədli 21 dekabrda orada nələrin baş verəcəyini öyrənmək məqsədi ilə Şirincəyə ezam olunub. Bu barədə Modern.az-a saytın baş redaktoru Qabil Abbasoğlu açıqlama verib:
“Şirincə kəndini Azərbaycanda da, Avropada da artıq yaxşı tanıyırlar. 21 dekabr səs-küyü ilə bağlı dünyada hesab edirlər ki, Avropada iki toxunulmaz yerdən biri həmin kənddir. Söhbət bu məlumatların nə dərəcədə ciddi olmağından getmir. Söhbət ondan gedir ki, Avropa, Türkiyə region mətbuatında bu məsələyə çox diqqət yetirilir. İnsanlar bu məsələni diqqətdə saxlayıblar. Ona görə də biz deyilənlərin nə dərəcədə doğru olduğunu yoxlamaq, Şirincədə həmin günün nələrin yaşanacağını öyrənmək üçün əməkdaşımızı ora ezam etdik. Bir neçə saat bundan qabaq o bizə zəng edərək məlumat verdi ki, artıq Şirincəyə çatıb. Əməkdaşımız yəqin ki yaxın saatlarda lent.az-ın oxucularını məlumatlandıracaq. O zaman hamı başa düşəcək ki, Şirincədə nə baş verir”.
Şəhanə RƏHİMLİ