Modern.az

Hər il bayramdan sonra şikayətlər artır - HƏKİM

Hər il bayramdan sonra şikayətlər artır - HƏKİM

28 Dekabr 2021, 12:37

“Mədə və həzm sistemi xəstəliklərinə ilin bütün fəsillərində sıx rast gəlinir. Havalar soyuduqca isə bu şikayətlərin artdığını müşahidə edirik. İlk növbədə hava soyuduqca mədənin turşu ifrazi artır. Soyuq hava insan üçün stres faktorlardan biridir”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Emin Məmmədov bildirib.

 

Onun sözlərinə görə, digər səbəb isə qışda insanların turşu tutmalarından çox istifadə etməsidir:

 

“Duzlu qidaların qəbulu mədəyə qıcıqlandırıcı təsir göstərir və bunlarda öz növbəsində reaktiv qastritlərə səbəb olur. Mədə xəstəliyindən əziyyət çəkən xronik qastrit xəstələrinə duzlu turşulardan uzaq durmağı tövsiyə edirik. Konservləşdirilmiş, duzlu və marinə olunmuş qidalar eyni zamanda öd daşı və öd xəstəliyi olan insanlar üçün də ciddi tətikləyici səbəblər sırasındadır. Bu qidaların qəbulu həmin insanlar üçün ağrıların artmasına və xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər. Eyni zamanda qış fəslində axşam saatlarında yeyilən daha çox xəmir yeməklərini istifadəsinin artması və fiziki aktivliyin azalması da bu problemlərin tez-tez rast gəlinməsinə gətirib çıxarır”.

 

E.Məmmədov qeyd edib ki, bayramla əlaqəli insanların qidalanma tərzi hər zaman qarışır:

 

“Qidaların qarışdırılması, artıq miqdarda qəbulu və alkoqolun istifadəsi bayramdan sonra hər il mədə-bağırsaq şikayəti ilə müraciət edən xəstələrin sayının artmasına səbəb olur. Kəskin mədə ağrıları, mədə xorası, eroziyalar, öd daşı tutmaları, mədəaltı vəzi iltihabları, alkoqola bağlı mədə zədələnmələri, qaraciyərin zədələnmələri şikayətlərinə daha çox rast gəlirik. Bu səbəbdən vətəndaşları bayram süfrələrində qida qəbuluna diqqət etmələrini tövsiyə edirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?