Modern.az

Koroğluya qoyulan heykəl nə gündədir? - Deputatdan ETİRAZ

Koroğluya qoyulan heykəl nə gündədir? - Deputatdan ETİRAZ

29 Dekabr 2021, 14:52

Qazaxıstanda Tomris haqqında film çəkilib. Böyük maraqla qarşılanan filmdə Tomris qəhrəman qazax xanımı kimi təqdim olunub. Sosial şəbəkələrdə aparılan müzakirlərdə qazaxlıların bu addımı birmənalı qarşılanmayıb.

 

Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Modern.az-a açıqlamasında bildirib ki, Tomris türk dünyasının ortaq qəhrəmanıdır.

 

Onun sözlərinə görə, Tomris Azərbaycan ərazisinin daha çox Kür boyu, şimaldan gəlmiş, qıpçaq türklərinə daha yaxın olan qəhrəmandır və Qazaxıstanda da yaşayıb:

 

“Necə ki, Dədə Qorqud haqqında “Qorqud ata” adı ilə əfsanələr həm də Qazaxıstanda yaşayır, Koroğlu bizimlə bərabər, bəlkə də bizdəkindən də daha mükkəməl şəkildə türkmənlərdə yaşayır. İndi Tomrisə möhür vurub “mənimdi” demək və “Qazaxıstan buna film çəkə bilməz”, kimi düşüncələrə qapılmaq doğru deyil. Azərbaycan kinosu bu gün dağılmış vəziyyətdədir. Amma Qazaxıstanda ard-arda gözəl filmlər çəkilir. Hətta köçərilər haqqında Rüstəm İbrahimbəyovun ssenarisi əsasında Qazaxıstanda Hollivudun iştirakı ilə gözəl film çəkildi. Qazaxlar bu gün Tomris haqqında film çəkirlərsə, halaldı onlara. Mən bunu alqışlayıram. Tomris türk qəhrəmanıdır. Türk xalqları, dövlətləri yaxınlaşır, Turan, Türk Dövlətləri Təşkilatı yaranırsa, ortaq mövzularda kimin daha çox imkanı varsa, o da  filmlər çəkməlidir”.

 

Deputat, eyni zamanda, xalq qəhrəmanı Koroğluya qoyulan heykəli tənqid edib:

 

“Koroğluya qoyulan heykəl nə gündədir? Koroğluya o cür heykəl qoyan xalqın “Koroğlu mənimdir” deməyə haqqı yoxdur, qətiyyən. Yaxud, Dədə Qorquda abidə qoymuşuq. Abidədən daha çox parodiyadır. Dədə Qorquda o cür abidə qoymazlar. Bağın o başında Dədə Qorqud, bu başında Koroğlu, bu tərəfində də Zorgi. Sanki Bakıda Dədə Qorquda, Koroğluya abidə qoymağa başqa yer tapılmayıb. Ona görə də əgər Tomris haqqında qazaxlar əgər gözəl film çəkiblərsə, ona qətiyyən qısqanclıqla yanaşmıram. Ümumi qəhrəmanımızdır və qazaxların da onun haqqında film çəkmək haqlarıdır. Bacarırdıqsa, irəli düşüb çəkərdik”.
 

Xalq şairi bildirib ki, vaxtı ilə türkmənlər də Nəsimiyə sahiblənmək istəyirdilər:

“Nəsimi haqqında gözəl film çəkiləndən sonra ona sahibləndik. Ortaq qəhrəmanlara, klassiklərə kim sahiblənirsə, həm də onun olur”.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?