Rusiya Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması üzrə dialoqda vasitəçi olmağa hazırdır.
Modern.az xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
"Ermənistan-Türkiyə münasibətlərinin normallaşması, şübhəsiz ki, regionda ümumi vəziyyətin yaxşılaşmasına kömək edərdi. Bu baxımdan, Ankara və İrəvanın son vaxtlar fəal şəkildə nümayiş etdirdiyi ikitərəfli dialoqa başlamaq istəyini alqışlayırıq. Çətin normallaşma məsələsini müzakirə etmək üçün xüsusi nümayəndələrin təyin edilməsini məmnunluqla qeyd edirik. ”, - Rudenko bildirib.
Onun sözlərinə görə, Moskva “istənilən formada vasitəçilik yardımı göstərməyə hazırdır”.
Andrey Rudenko vurğulayıb ki, Rusiya tərəfi ilkin şərtlər irəli sürməkdən imtina etməyi, diqqəti qarşılıqlı məqbul mövzulara və tədricən etimad və mehriban qonşuluq mühitinin formalaşmasına gətirib çıxaracaq qarşılıqlı addımlara yönəltməyi vacib hesab edir.
Xatırladaq ki, Ermənistan və Türkiyə artıq danışıqlar üçün öz xüsusi nümayəndələrini təyin ediblər. İrəvanı parlamentin vitse-spikeri, hakim “Mülki müqavilə” partiyasının üzvü Ruben Rubinyan, Ankaranı Vaşinqtondakı keçmiş səfir Serdar Kılıç təmsil edəcək.
Diplomatlaerın ilk görüşü Moskvada baş tuta bilər.