Dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qusara səfəri çərçivəsində Şahdağ qış-yay turizm kompleksinə daxil olan “Qaya” otelinin açılışında iştirak edib. Modern.az prezidentin rəsmi saytın istinadən xəbər verir ki, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib.
Diqqətə çatdırılıb ki, layihənin növbəti mərhələləri çərçivəsində yeni kanat yolları salınacaq, qolf meydançası, müxtəlif klublar, kiçik mehmanxanalar, pansionat, Şahdağ Gənclər Mərkəzi, digər otellər inşa olunacaq, ərazidə at ferması fəaliyyət göstərəcəkdir.
Prezident İlham Əliyev xizəklə sürüşüb, xanımı Mehriban Əliyeva isə motorlu xizəkdə gəzib.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ Resort SPA” otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olublar.
Məlumat verilib ki, geniş əraziyə malik bu oteldə turistlərin istirahəti üçün bütün lazımi şərait yaradılacaqdır. Oteldə ümumilikdə 173 otaq olacaqdır ki, bunlardan 8-i lüks, üçü isə VİP otaqlardır. Oteldə 8 restoran, üç iclas zalı olacaqdır.
Diqqətə çatdırılıb ki, 1825 kvadratmetrlik SPA mərkəzindən əlavə, oteldə fitnes, türk hamamı, masaj otaqları da yaradılacaqdır. Burada tikinti işlərinin 70 faizi artıq başa çatdırılmışdır.
Dövlət başçısı növbəti mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı tapşırıq və tövsiyələrini verib.
Modern.az