Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il "Şuşa ili" elan etdi.
Prezident İlham Əliyev ötən gün Yeni il münasibəti ilə çıxışında bildirdi ki, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyi qeyd ediləcək:
“Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm", - deyə dövlət başçısı söyləyib.
Modern.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Azərbaycan mədəniyyət paytaxtının yenidən qurulduğunu və bərpa olunduğunu bildirib.
Onun sözlərinə görə, qürur mənbəyimiz Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən hesab olunub:
“Ötən əsrin 80-ci illərinin sonlarında Şuşada 1700-ə yaxın ticarət obyekti qeydə alınıb və bu da şəhərin hələ bir əsr öncə xüsusi iqtisadi potensiala malik olduğunu göstərir. 1992-ci ildə, Şuşa işğal olunmazdan öncə şəhərdə şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, Bakı "Radioqurma" istehsalat birliyinin müəssisəsi, Qarabağ ipək kombinatının toxuculuq sexi və digər istehsal müəssisələri var idi. Şuşada eyni zamanda inşaat materialları istehsalı üzrə də müəssisələr fəaliyyət göstərirdi”.
V.Bayramov qeyd edib ki, turizm Şuşanın iqtisadiyyatında xüsusi yer tutacaq:
“Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxımından xüsusi üstünlüyə malikdir. 1992-ci ilədək Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi”.