Modern.az

Deputatların “Şuşa ili”nə dair ARZU və TƏKLİFLƏRİ

Deputatların “Şuşa ili”nə dair ARZU və TƏKLİFLƏRİ

1 Yanvar 2022, 14:51

Azərbaycan Prezidenti İlham Əliyev Yeni il münasibətilə çıxışında 2022-ci ili "Şuşa ili" elan edib. 

"Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm", - deyə dövlət başçısı bildirib.

Milli Məclisin deputatları Şuşa ilə bağlı təklif və arzularını Modern.az-la bölüşüblər.


Elman Məmmədov
2022-nin “Şuşa ili” elan olunmasını alqışlayıb, deyib ki, Prezidentin tapşırığı ilə Şuşanın yenidən qurulması üçün rəsmi dövlət proqramı hazırlanıb:


“Orada nəzərdə tutulub ki, Şuşa  mədəniyyət qoruğu, tarixi şəhər kimi yenidən bərpa edilsin. Təbii ki, Şuşa hamımızın arzu etdiyi bir yerdir. Cənab Prezident öz təbrikində də bildirdi ki, gördüyümüz bütün işlərin hamısı keçmiş məcburi köçkünlərin tezliklə öz torpaqlarına qayıtması üçündür. Mənim də arzum ondan ibarətdir ki, 2022-ci il Şuşa əhalisi üçün qayıdış ili olsun, belə də tarixə düşəcək. Şuşa tək Azərbaycanın yox, bütün İslam dünyasının ən dəyərli, gəzməli, baxımlı şəhərlərindən birinə çevriləcək. Hamımızın istəyi, arzusu, niyyəti budur”.

 


Ceyhun Məmmədov
da “Şuşa ili”nin elan olunmasını təqdir edib:


“Prezident çox vacib və önəmli qərar verdi. Şuşa Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Hesab edirəm ki, bu qərar Şuşada aparılan quruculuq işlərinə öz töhfəsini verəcək. Hazırda Şuşada çox vacib işlər görülür, şəhər artıq inkişaf mərhələsinə qədəm qoyub. Görüləcək işlərlə bağlı Prezidentin digər qərarları var. Gələcəkdə işğal və zəfər muzeyləri yaradıla bilər. Bununla hər kəsə aydın olacaq ki, ermənilər Şuşanı necə viran qoyublar. Eləcə də zəfər muzeyinin yaradılması da əsgərlərimizin qələbəsini əks etdirəcək.

Şuşada bir çox tarixi şəxsiyyətlər yetişib. Onların ənənələrini davam etdirmək üçün burada Musiqi Akademiyasının filialının yaradılması məsələsi gündəmdə ola bilər. Vaxtı ilə Şuşada sanatoriya fəaliyyət göstərib. Bu sanatoriyanın yenidən fəaliyyətə başlaması Şuşanın inkşafına öz töhfəsini verəcək. Artıq Şuşada məscidlər bərpa olunub. Hesab edirəm ki, burada açıq konfranslar keçirilə bilər. Ermənilərin təcavüzü açıq şəkildə həmin konfranslar vasitəsilə dünyaya bəyan olar.

Şuşada yeni otellərin istifadəyə verilməsi isə turizm potensialını daha da gücləndirəcək”.



Səməd Seyidov
qeyd edib ki, “Şuşa ili”nin elan olunması hamının ürəyincə olan hadisədir:

 

“Bu il sadəcə Şuşanın özünü əhatə etmir. “Şuşa ili” mədəniyyətimiz, təhlükəsizliyimiz, dünya ilə əlaqəmiz, ən əsası isə sülhümüz deməkdir. Şuşa bizim üçün rəmzi məna daşıyan bir dəyərdir. Hər bir azərbaycanlının ürəyincə olan bir qərar verilib. Ona görə də bu il sülh, təhlükəsizlik, inkşaf, mədəniyyət və Azərbaycan bayrağının daha da yüksək yerlərdə dalğalanmasının şahidi olacağıq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü