İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman aparatının əməkdaşları tərəfindən Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nemət Pənahlı ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, N. Pənahlı dekabrın 18-də müəssisənin daxili rejim qaydalarına əməl etmədiyi üçün 7 gün müddətinə cərimə təcridxanasına salınıb. N.Pənahlı aclıq keçirdiyi üçün cərimə təcridxanasında təcrid olunub və həkim nəzarətindədir. Eyni zamanda müəssisəsinin tibb hissəsinin rəisinə onun səhhətinin nəzarətdə saxlanılması barədə tapşırıq verilib. O da məlum olub ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri məhkuma baş çəkib.
“Qeyd edək ki, N. Pənahlının məlum müraciətində yay aylarında Penitensiar Xidmətin 3 saylı ixtisaslaşdırılmış müalicə müəssisəsində (İMM) Müvəkkillə görüşmək istəyən məhkumun öldürülməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil. Belə ki, dekabrın 11-də Ombudsman Aparatının əməkdaşları N.Pənahlı ilə görüşləri zamanı o, bu məsələni bildirsə də, həmin məhkumun adı və hadisə ilə bağlı məlumat verməyib, bunu başqalarından eşitdiyini bildirib”-deyə Ombudsman aparatından Modern.az-a bildirilib.
Müvəkkil və onun əməkdaşı 5 sentyabr 2011-ci il tarixində 3 saylı İMM-sində olarkən yalnız müəssisənin cərimə təcridxanasında saxlanılan məhkumlarla görüşüb. Bundan əlavə hər hansı məhkum Müvəkkilə müraciət etməyib.
Gültəkin