
“Valideyn himayəsindən məhrum olan və uşaq evlərində yaşayan, ali və orta ixtisas məktəblərinə daxil olan uşaqların təhsil haqlarından tam azad edilməsi öz həllini tapmalıdır”.
Bu fikirləri millət vəkili Qənirə Paşayeva bu gün parlamentin iclasında səsləndirib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr edilməli, uşaq evində böyüyən uşaqlar ali məktəblərə və orta ixtisas məktəblərinə daxil olarlarsa, onlar təhsil haqqından tam azad olunmalıdırlar. Bu il uşaq evlərində böyüyən və məzun olan 51 nəfər gəncin ali məktəblərə, 10 nəfərin isə orta ixtisas məktəblərinə daxil olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva deyib ki, qanunvericilikdə çox yaxın günlərdə belə bir əlavələr edilərsə, bu çox müsbət addım olar. “Biz çalışmalıyıq ki, uşaq evlərində böyüyən uşaqlar ali və orta ixtisas təhsilinə daha çox meyillənsinlər və onların təhsil haqlarından tam azad edilməsi bu məsələyə böyük təkan olardı” .
Ötən gün “Azərbaycan Respublikasında Dövlət Uşaq Müəssisələrində uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində keçirilən 2012 hesabat konfransındakı müzakirələr zamanı bi sıra məsələlərin öz həllini gözlədiyinin göründüyünü deyən Qənirə Paşayeva bu məsələlərlə bağlı bir neçə digər təkliflər də səsləndirib.
Millət vəkili valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən, 18 yaşı tamam olan uşaqların yaşayış yeri ilə təmin olunması məsələsi ilə bağlı da işlərin sürətlənməsinin vacibliyinə diqqət çəkib. O, Nazirlər Kabinetinə müraciət edərək deyib ki, yaradılmaqda olan yeni himayədar (foster) qayğı xidmətlərinin fəaliyyətini tənzimləyən “Ailə Tipli Kiçik Qrup Evi haqqında Nümunəvi Nizamnamə” və “Himayədar (foster) Ailə haqqında Əsasnamə” Təhsil Nazirliyi tərəfindən baxılması və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib və onun qısa zamanda təsdiqlənməsi vacib məsələdir. " İl artıq başa çatır. Avstriyanın maliyyə dəstəyi ilə həyata keçirilən pilot layihənin başa çatmasına isə cəmi 10 gün qalır. Nazirlər Kabinetinin bu prosesin daha sürətli həyata keçməsi və uşaq evlərində valideyn himayəsindən məhrum uşaqların ev, ailə şəraitində böyüməsi kimi vacib məsələnin həllini tapması istiqamətində bu sənədləri təsdiqləməsi vacibdir. Mən Nazirlər Kabinetindən bu məsələnin tezliklə öz həllini tapmasını xahiş edirəm.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, uşaq evlərində böyüyən və valideyn himayəsindən məhrum olmuş uşaqların ailələrə verilməsi və ailə ortamında böyüyüb, tərbiyə alması istiqamətində həyata keçirilən layihələrin genişlənməsi olduqca vacibdir.
Deputat Gürcüstan - Azərbaycan sərhəd-keçid məntəqəsində yaranmış problemlə bağlı öz fikrini bildirib. Miqrasiya xidməti ilə bağlı qanunda edilən son dəyişikliklərdən sonra orada yaşayan azərbaycanlılardan cərimə tutulması və gediş - gəlişin məhdudlaşdırılması ilə bağlı mövqeyi bölüşmədiyini bildirən Qənirə Paşayeva bildirib ki, bununla bağlı miqrasiya xidmətində danışıqlar aparır.
Onun sözlərinə görə hökumət qurularının birgə səyi ilə problemi həll etmək lazımdır.
Modern.az