Bu gün Nigar Yaqublunun həbsi ilə bağlı olaraq RATİ-də mətbuat konfransı keçirilib. Mətbuat konfransında bir sıra siyasi nümayəndələr, N. Yaqublunun valideynləri, vəkili Adil İsmayılov iştirak edib.
Vəkil Adil İsmayılov bildirib ki, N. Yaqublunun ictimai-siyasi həyatda fəallığı, həmçinin, onun atası Tofiq Yaqublunun siyasi fəaliyyəti onun həbsinə əsas verdi: “Nigarın həbsdə saxlanılması ədalətsizlikdir. Məntəqə tipli cəzaçəkmə müəssisələrində görüş üçün imkan yaradılsa da bu imkan Nigara yaradılmır. Həm də qanuna görə, həmin müəssisələrdə onların şəraiti təmin olunmalıdır. Amma Nigarın çəza çəkdiyi yerdə şəraitsizlik hökm sürür. Bir vəkil olaraq, biz öz üzərimizə düşəni etdik”.
Konfransda tarixçi Cəmil Həsənli qeyd edib ki, ölkənin sosial-siyasi fəaliyyəti ilə məşğul olan, sosial şəbəkələrdə aktiv olan gənclərin bir siyahısı hazırlanır və hakimiyyət tərəfindən ona nəzarət olunur. Hakimiyyətin kortatekasında həmin şəxslərin siyahısı var, istədikləri vaxt həmin insanlara təzyiq edə bilirlər.
AXCP sədri Əli Kərimli isə çıxışında bildirib ki, N. Yaqublunun həbsi siyasi sifarişdir: “Bu onun atasına mənəvi işgəncə vermək üçün idi. Ata və qızın bütün problemlərə sinə gəlməsi Azərbaycan cəmiyyəti üçün bir nümunədir“.
Aqşin Kərimov