Modern.az

Mətbuat Şurası: “Nəşriyyatlar “reket qəzetlər”in çapından imtina eləməlidir”

Mətbuat Şurası: “Nəşriyyatlar “reket qəzetlər”in çapından imtina eləməlidir”

21 Dekabr 2012, 16:12

Mətbuat Şurası tərəfindən müntəzəm olaraq reketçiliklə məşğul olan mətbu nəşrlərin siyahısı hazırlanır. Buna baxmayaraq, “reket jurnalistlər”in hazırladığı materiallar “qara siyahılar”a düşən qəzetlərdə çap olunur və qəzet köşklərində satılır. Bir növ ictimai təsirin olmaması da buna bir səbəbdir.

“Mətbuat Şurasının “reket qəzetlər”in fəaliyyətini və ya onların nəşriyyatlar tərəfindən nəşr olunmasının dayandırılması üçün hüquqi əsas olmalıdır!”. Bu sözləri Modern.az-a açıqlamasında Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə deyib. O, qeyd edib ki, Mətbuat Şurası tərəfindən bəzi qəzetlərin “qara siyahılar”a düşmələrinə baxmayaraq, onlar reketçilik əməllərini, insanların şəxsi həyatlarına müdaxilə etməklərini, böhtan atmaqlarını davam etdirirlər.
 “Bütövlükdə ləkələmək yolunu və şəxsi maraqlarını güdən qəzetlər var. Bununla bağlı Mətbuat Şurasının çıxartdığı bütün qərarlar ictimai qınağa söykənir”.

V.Rəhimzadə bildirib ki, bir sıra qəzetlər qara siyahıya düşəndən sonra öz fəaliyyətlərində dönüş yaradırlar.
“Bunu Mətbuat Şurasında Apelyasiya Qrupu araşdırır, baxır. 2010-cu ildə və bu il Mətbuat Günü ərəfəsində Apelyasiya qrupu tərəfindən bir neçə qəzet öz fəaliyyətlərində dönüş yaratdıqları üçün həmin siyahıdan çıxardıblar. Amma bəzi qəzetlər “ənənəvi” olaraq öz reketçilik əməllərini davam etdirirlər. Ancaq bizə hər hansı qəzetlərlə bağlı mütəmadi şikayətlər daxil olmağa başladıqda biz hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalırıq”. V. Rəhimzadə Mətbuat Şurasının “reket qəzetlər”lə bağlı çıxartdığı qərarların təsirinin olması üçün hamının bu sahədə aktivlik nümayiş etdirməsi lazım olduğunu vurğulayıb.

“Mətbuat Şurasının qəzet bağlamaq və yayımını məhdudlaşdırmaq hüququ yoxdur. Bunun üçün onun hüquqi əsası olmalı, qanun qəbul olunmalıdır. Mətbuat Şurasının bu sahədə təsiri kifayət qədərdir. Son vaxtlar Şuraya müraciətlərin sayı ilə bağlı azalmalar müşahidə edirik”. O bildirib ki, siyahılarla aidiyyatı təşkilatlar tanışdırlar və bu müntəzəm olaraq gündəlik bir sıra mətbuat orqanlarında bu dərc olunur. “Nəşriyyat rəhbərliyi də fəaliyyətində bunları görməli, ictimai şəkildə buna münasibətini bildirməlidir. O da bir vətəndaşdır. Əvvəllər bununla bağlı həm o qəzet redaksiyaları, həm də   nəşriyyatlarla birlikdə bir neçə treninqlər keçirilib, söhbətlər aparılıb. Hər halda bunlar qarşılıqlı olmalıdır”.

Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynli də bildirib ki, “reket” mətbu nəşrlərin çap olunmaması nəşriyyatların müstəqil seçimidir. “Deyə bilmərik ki, nəşriyyatlar o qəzetləri çap etməsin və ya bu barədə fikirləşsin. Hər halda nəşriyyat rəhbərləri də Azərbaycan cəmiyyətinin üzvləridir. İqtisadi maraqlarla yanaşı, mənəvi maraqlar da olmalıdır. Seçimi onlar etməlidirlər”.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi